Natiq Muxtarlı
"Sumqayıt” - "Qəbələ” oyunundan (2:2) əvvəl "kimyaçılar”ın menecer-prezidenti Riad Rəfiyev Xəyal Nəcəfov adlı futbolçuya elə belə də deyir: "Narahat olma, tapşırmışam, bu gün mütləq meydana çıxacaqsan”.
Söhbət vaqeə olur "Sumqayıt”ın idman direktoru Zamiq Hüseynovun yanında. Ancaq Nazim Süleymanov menecer-prezidentin tapşırığına əməl etmir, Xəyal Nəcəfovu meydana buraxmır.
Belə menecer-prezidentlərin olduğu futbolda Nazim Süleymanova yer yoxdur.
"Keşlə” ilə oyunda kobud səhvlər edən və sonda qırmızı vərəqə alan Orxan Sadıqlı adlı qapıçı qarşılaşmadan sonra stadionu öz avtomobili ilə tərk edir. Onun avtomobilində stadionu həm də "Keşlə” rəsmisi tərk edir. Hər ikisi gülürmüş...
Orxan Sadıqlı kimi oyunçuların olduğu futbolda Nazim Süleymanov kimi məşqçiyə yer yoxdur.
Vurğun Hüseynov "Keşlə” ilə oyunda da öz xislətində idi. Adam oyunboyu hər şey etdi ki, rəqib futbolçular qol vurmaq üçün çətinlik çəkməsinlər.
Vurğun Hüseynov kimi oyunçuların olduğu futbolda Nazim Süleymanov kimi məşqçiyə yer yoxdur.
Yoxdur, Nazim müəllim, yoxdur! Və yaxşı ki, yoxdur. Və elə ona görə də, Azərbaycanda futbol yoxdur. Və elə ona görə də, stadionlarda azarkeş yoxdur. Şərəfsizlik, ləyaqətsizlik olan yerdə insanlıq olmur. Olmur, Nazim müəllim, olmur.
Komanda.az