10:53 09.02.2021 835

“Samir Abasovu “güllə qabağına” verib kölgəyə çəkilmələri məqsədlidir" - MÜSAHİBƏ

Fanat.Az "Neftçi”nin sabiq vitse-prezidenti Tahir Süleymanovun apasport.az saytına müsahibəsini təqdim edir

- Azərbaycan kubokunda yarımfinalçılar müəyyənləşdi. 1/4 finalda hansı cütlüyün nəticəsi sizin üçün gözlənilməz oldu?
- Kubok yarışları deyəndə, indiki Azərbaycan futbolunda elə vəziyyət yaranıb ki, 1/4 final oyunlarının adı böyük səslənir. Həqiqətdə belə də olmalıdır, əgər matçlar ən azı 1/32 finaldan başlasaydı. Elə komandalar var ki, indiki mərhələ ilk oyunları idi. Ölkədə futbol klublarının sayı bəllidir. "Sabah” kimi hər bir şəraiti, imkanı olan komandanın büdrəməsi, "Neftçi”nin dayanması suallar doğurur. "Kəpəz”in birinci divizionda olmasına baxmayaraq, özünü göstərməsi, "Zaqatala”nın sona kimi mübarizə aparması, "Turan”ın elita klubları arasında adının yenidən çəkilməsi, bölgə futbolu adına müsbət məqamlar idi. Bu mərhələdə ən problemli anlardan biri hakim idarəçiliyi oldu. Çempionatın ümumi səviyyəsi, oyunlarda olan sürət, mübarizə yüksək deyil. Azərbaycan futbolunda hakimlik üçün ideal şərait var. Stadionlar, ot örtüyünün "xalça” durumu, canlı yayımlar, ictimai nəzarət, boş tribunalar, heç bir təzyiqin olmaması... Belə vəziyyətdə VAR sisteminə elə bir ehtiyac da yoxdur. "Səbail” – "Sumqayıt” oyunundakı hakim səhvlərinə səhv də demək olmur. Bu məsələnin üstündə çox dayanmaq istəmirəm. Niyə? "Partiya” klublarında çalışan "baş üstə” rəsmilər susur, öz komandalarını müdafiə edə bilmirlərsə, bu, onlara lazım da deyil, ekspertlərdən, jurnalistlərdən də bunları tələb etmək doğru olmaz. Klublardakı təsadüflər rahat dövranlarını sürəcək, "müəllimlərinin” qorxusundan söz deməyəcək, obyektivlik isə ictimai fikir də axtarılacaq. Belə olmur və olmamalıdır.
"Neftçi”siz yarımfinala, "Qarabağ” və digərləri adı daha uyğun gəlir.

- "Neftçi”nin iki oyunda "Zirə”nin qapısına yol tapa bilməməsini nə ilə əlaqələndirmək olar: rəqib yaxşı müdafiə olunurdu, yoxsa flaqmanın hücumu zəif idi?
- "Neftçi"nin ardıcıl bu mərhələdə dayanması səbəbləri araşdırılmalıdır. Bu, tək bir-iki oyun, rəqibin "Zirə" olması deyil. Qalibi mühakimə etmirlər. Rəşad Sadıqov əsasən ilk matçda uğurun təməlini qoydu. Böyük futbol beyin oyunudur və 4-5 mütləq faktordan, təməl prinsiplərindən ibarətdir. Fiziki, taktiki, psixoloji olaraq görüşə kim doğru hazırlaşır, yanaşırsa, büdcəsindən, heyətindən asılı olmayaraq, qalib gəlir. Futbol komanda oyunudur!

- Baş məşqçi Samir Abasov matçdan sonra meydanda super "Neftçi” olduğunu dedi. Sizcə, həqiqətən də, "Neftçi” super oynayır?
- "Neftçi" super oyunlarını vaxtilə Çempionlar Liqasının 1/4 finalından yeni qayıtmış Nikosiyada APOEL-ə, Milanda Avropa nəhəngi "İnter"ə, Moskvada düşmən "Pünik"ə qarşı göstərib. Bir qədər daha əvvəlki illərə qayıtsaq, "Neftçi" Yaşinli, Bloxinli, Dasayevli, Çivadzeli, Belanovlu "Spartak", Kiyev, Moskva, Tbilisi "Dimamo"ları, "Şaxtyor", "Zenit" üzərində qələbələr qazanıb, "Qızıl top" sahiblərinə qarşı super oyunlarını oynayıb. "Neftçi" tarixi klubdur! Bilirsiniz ki, hər zaman yerli məşqçilərə dəstək olmuşuq, onların çalışmasını istəmişik. "Neftçi" çox ağır klubdur, 24 saat təzyiq, məsuliyyət altında olursan. Fikir verin, "Sabah"ın şəraiti olsa da, sonuncu pillədədir, kubokdan da erkən yola salındı. Elə də çox tənqid olunmur. Ona görə yox ki, klub hər şeyi düz edir və belə də davam etməlidir. Nəticələr göz önündədir. Ona görə ki, heyəti olsa da, yeni komandadır, diqqət mərkəzində deyil, adi yanaşılır. "Neftçi"nin yükü isə tam fərqlidir. Nəinki "Zirə" ilə oyun, heç bir klubla müqayisə oluna bilməz. Flaqmanda nəticələr daima müzakirə edilir və ediləcək. Tarixən belə olub. Klubdan deyilən hər cümlə, söz belə böyük rezonans doğura bilər. Böyük klubların böyüklüyü bundadır. Samir Abasov emosional məşqçidir, "Pro” kateqoriyasına sahibdir, ictimaiyyətlə, mətbuatla əlaqələr kurslarını keçib. Haqlı-haqsız təzyiqlər hər zaman olacaq. Daha təmkinli, səbrli olmağı arzu edirəm.
Biz çalışıb ölkə futbolunu daha yüksəklərə daşımalıyıq. Gənc nəsil bu yöndə maariflənməli, futbol tərbiyəsi almalıdır. "Neftçi" kimi klub üçün hazırki çempionat, kubok oyunları meyar, ölçü vahidi ola bilməz. Flaqman çempionluqlarını, kuboklarını qazana-qazana super oyunlarını Avropa meydanlarında göstərməlidir. Yaşlı nəsil azarkeşlər böyük futbolun nə olduğunu yaxşı bilir. Son 10-12 ildə gənc fanatlar da ekranda həsrətlə baxdıqları "Çelsi", "Arsenal", "İnter", "Borussiya", "Lill", "Atletiko", "Roma", "Qalatasaray" kimi komandaları Bakıda əyani gördülər, "Neftçi", "Qarabağ", "Qəbələ" ilə matçlarını seyr etdilər. Azərbaycan futbolunda ən azı bu səviyyə qorunub saxlanılmalıdır. Təəssüf ki, ildən-ilə futbol zəifləyir, mövqelər itirilir, köklü klublar dağılır. Bu artıq Azərbaycan futbolunun idarəçilik problemidir. Nə olur-olsun, beyinlərdə hədəflər kiçildilməməlidir. Yaxın vaxtlarda iddialı bölgə klublarının bərpası super olar.

- Sizin dönəminizdə "Neftçi” hücumçuları çempionatda bombardirlər sırasında yer alardı. Ancaq indi komanda hücumçu tapmaqda çətinlik çəkir. Güclü futbolçular bura gəlmək istəmir, yoxsa seleksiya işi istənilən səviyyədə deyil?
- Ölkə futbolunda ən böyük problemlərdən biri dərin təhlillərin aparılmamasıdır. Üzdənyanaşmalar futbolu çox cılızlaşdırıb. Bunu da ilk növbədə edən ümumi futbol, klub idarəçiləridir. Real gücü, iddiası, bacarığı olmayanlara belə sərfəlidir. Bu il yeddi il olacaq ki, "Neftçi"dən ayrılmışıq. Futbol adına böyük vaxt kəsimidir. O vaxt 12-13 yaşlı uşaqlar bu gün 19-20 yaşlarında qəhrəmancasına torpaqları, Qarabağı düşmənlərdən azad etdilər, 30 ilə yaxın idi əlçatmaz görünən Şuşaya müqəddəs bayrağımızı sancdılar. "Neftçi"də qoyub getdiyimiz Musa Qurbanlı indi elə həmin "Zirə"də qollarını vurur. Yəni bu illər ərzində yeni nəsil futbolçular yetişdirilməli idi. "Neftçi"nin artıq neçə mövsümdür kubokun 1/4 finalda büdrəməsindən danışılır. Klub/komanda anlayışı fərqlidir, böyük klub anlayışı isə tam fərqli. Komanda bir hücumçudan ibarət olmur. Böyük klublarda "mənim komandam, mənim sistemim" anlayışı da olmur. Tarixi lider klublarda illərlə formalaşan ənənəvi oyun üslubu olur. Samir Abasov hücumçu alınmamasını qeyd edir. Bu, birbaşa klub rəsmilərinə yönələn mesajdır. Klubda bütün sahələr konveyer kimi çalışmalı, bir-birini tamamlamalıdır. Azərbaycana futbolçu gəlmək istəmir? Söhbət messilərdən, ronaldolardan, neymarlardan gedir? Dünyada Azərbaycan çempionatı səviyyəsini aşan və burada çıxış etmək istəyən minlərlə futbolçu var. Maliyyə çatışmır? "Neftçi"nin büdcə problemi yoxdur. Yuxarıda yerli futbolçuların yetişməsini təsadüfən qabartmadım. Öz futbolçularını hazırlayırsansa, maliyyəyə qənaət edib daha səviyyəli legionerlər ala bilirsən və ya 3-4 legioner əvəzinə keyfiyyətli 2 futbolçu gətirirsən. Son illər "Neftçi"də nəinki legionerlər, yerli futbolçuların əksəriyyəti digər klublardan götürülür. Futbolda qolları tək hücumçular vurmur. Lider klublarda bombardirlərlə yanaşı, topların çoxu orta sahə futbolçularının payına düşür. Bu gün "Qarabağ" da tək Mahirin ümidinə qalıb, məcburiyyətdən digər futbolçuları ara-sıra önə atırlar. Bombardir faktoru nə qədər önəmli olsa da, zəif çempionatda bəhanə olmamalıdır. 2015-ci ildən bu günə kimi "Neftçi"yə gətirilən legioner sayı araşdırılsa, bütün uğursuzluqlara nöqtə qoyulub doğru addımlar atılar. 

- "Neftçi”nin ardıcıl üç ildir ölkə kubokunda yarımfinala çıxa bilməməsinin səbəbini nədə görürsünüz?
- "Neftçi" haqqında çox fikir bildirilib. Son aylar, ümumiyyətlə, futbolla bağlı təhlillər etmirəm. İllərdir aparılan analizlərin hamısı dəqiqdir, qüvvədədir. Suala cavab olaraq, birmənalı klub idarəçiliyində. "Neftçi"nin 8-10 il ardıcıl çempionluqlarını, kuboklarını təmin edə biləcək yerli potensialı, gənc istedadlı heyəti var idi. Hamısı didərgin salındı. Xeyrini digər komandalar gördü. Hazırda Samir Abasov çox yüklənilir. "Neftçi"nin problemi ilk olaraq yarıtmaz futbol sistemindədir. Son 6-7 ilə 3-4 rəhbər heyət dəyişib. Hamısı da nağıllar aləminə qərq olub, sonda mədəni dillə desək, yola salınıb. Heç nə də itirməyiblər, itirən "Neftçi" olub. İnsanlar dərk etmirlər ki, tək baza tikilişi ilə böyük klub idarə oluna bilməz. O bazalardan bir neçəsi Lənkəranda, Yevlaxda, İmişlidə, Zaqatalada böyük futbolsuz qalıb. Viranə qoyulmuş "Bakı"nın stadion-bazasından danışmağa dəyməz. "Qarabağ" da ilk dəfə qrupa çıxanda, "Ruslan-93”də məskunlaşırdı. "Neftçi TV” də yaxşı layihədir. Böyük klublarda mütləq tələb-nəticədir. Görülən işlər paralel aparılmalıdır. 7 ildə 60-70 milyon vəsait xərclənib, qazanılan tək Bayıldakı kubokdur. Vaxtilə necə möhkəm təməl qoyulmuşdusa, klubu, komandanı dağıda-dağıda 3 il ardıcıl kubok finalı oynanıldı. İndi yarımfinala belə həsrət qalınıb. Əvvəlki bəhanələr yaramır artıq, yeni metoda keçilib. İstəmədən, ürək ağrısı ilə, hər şeyi "ölçüb-biçib" yaxın sirdaşları güdaza verdikdən sonra fanatlar arasında növbəti təbliğat maşınına start verilib: "Klub prezidenti neyləsin, komandaya bütün şərait yaradır". Bu, o şəxslər haqqında deyilə bilər ki, kluba sponsorluq edir, cibinin pulunu xərcləyir. "Neftçi"də prezident, vitse-prezident klubdan maliyyələşir, məşqçisinə, futbolçusuna, seleksiya işinə, nəticələrə baş məşqçi ilə birbaşa cavabdehdirlər. Samir Abasovu "güllə qabağına" verib özlərinin kölgəyə çəkilməsi məqsədlidir. "Neftçi"də heç baş sponsor "Mən nə edim?", deyə bilməz. Kluba kiminsə şəxsi vəsaiti xərclənmir, dövlətin, xalqın puludur. "Neftçi" kimi klubda uğursuzluq altı ay, maksimum bir mövsüm ola bilər. "Vaxt verilməlidir" nağılları yenidən start götürüb. Baş məşqçiyə vaxt verilə bilər, digərlərinin vaxt limiti artıqlamasıyla çoxdan bitib.

- Mövsümün ikinci yarısı artıq start götürür. Çempionatda bundan sonrakı mübarizədən nə gözləyirsiniz?
- Çempionatda mübarizə 5-6 ildir tarixin yaddaşına köçüb. İndi "partiya" klubları ilə 2-3 komandanın "atəşkəs" rejimində mövqe savaşı gedir. Futbolda büdcə əsas rol oynamadığı kimi, say çoxluğu da uğurun təminatçısı deyil. "Menşeviklər" "boşevikləri" hərtərəfli üstələyir. Hiss olunur ki, "bolşeviklərin" ideoloqları çox zəifdir.

- Qarşıda "Qarabağ” – "Neftçi” matçı var. Həmin oyun çempionluğun taleyini həll edə bilərmi?
- Çempionatda mütləq çempionluğa bir komanda oynayır, "Neftçi" isə çempionluq uğrunda "Qarabağ"a qarşı illərdir mübarizə görüntüsü yaradır. Bunlar fərqli anlayışlardır. Çempionluq sözdə qazanılmır, meydanda göstərilir. Digər tərəfdən, çempionatın taleyini bir görüş həll etmir, qarşıda çox oyunlar var. Çempionluğa bunu əməlda, meydanda daha çox istəyənləri şanslı sayıram.
 
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

20:17

"Şamaxı"nın 4 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq - AÇIQLAMA

19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 5 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

Facebookdan bizi izləməyi unutmayın.
X