Dünya futbolunun əfsanəsi Dieqo Maradona koronavirus pandemiyasının bitməsi üçün Tanrıya müraciət edib.
1986-cı ildə Meksikada keçirilən dünya çempionatının 1/4 finalı çərçivəsində İngiltərə ilə oynanılan matçda Maradona əl ilə fərqlənmiş, hakim isə qolu hesaba almışdı. Görüşdən sonra argentinalı bunu "Tanrının əli" adlandırmışdı.
Ötən gün qəbul edilən qərara görə, COVID-19 səbəbindən Argentinada futbol mövsümü erkən başa çatdırılıb və komandaların aşağı diviziona düşməsi iki il müddətinə qadağan edilib. Bu, Maradonanın çalışdırdığı "Ximnasiya" klubunun Superliqada qalacağı anlamına gəlir. Artıq Argentinada sözügedən qərarda da "Tanrının əli"nin olduğu deyilir.
Fanat.Az "Reuters"ə istinadən xəbər verir ki, son olaraq, 59 yaşlı mütəxəssis məsələyə münasibət bildirib:
"Əksəriyyət bu qərarı "Tanrının əli" adlandırır. Bu gün bu əldən, pandemiyanın bitməsini, insanların normal həyatlarına qayıtmasını, sağlam və xoşbəxt yaşamalarını istəyəcəm".
Son məlumatlara görə, Argentinada koronavirusa yoluxanların sayı 4 min 127 nəfərə çatıb. 214 nəfər COVID-19-dan dünyasını dəyişib.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol