DÜNƏNKİ FUTBOL: Reaktiv sürətli, ən bahalı niderlandlı - VİDEO
"Ayaks”la 1995-ci ildə Çempionlar Liqasının qalibi olan Mark Overmarsı gənc nəsil yaxından tanımasa da, sözügedən cinah yarımmüdafiəçisi xüsusi təqdimata ehtiyacı olmayan istedadlar sırasındadı.
Düzdü, 1992-1997 aralığında Amsterdam klubunda adından söz etdirən oyunçunun klub karyerası heç də pis alınmayıb. Amma karyerasını 2009-cu ildə qardaşının rəhbərliyi altında peşəkar futbola başladığı "Qou Ehed İqls”da bitirən Mark yaddaşlarda daha böyük titular qazanmağa layiq futbolçu kimi qalıb.
İstər "Ayaks”dan sonra formasını geyindiyi London "Arsenal”ı (İngiltərə təmsilçisində 100 oyun keçirən vinger 25 qol vurub), istərsə də "Barselona”da (2000-2004, 97 oyun, 15 qol) fanatların ən sevimlilərindən olan Overmars Niderland millisində (1993-2004) 86 matça çıxıb və 17 qolla yadda qalıb.
...Yeri gəlmişkən, Mark heyətində titul qazana bilmədiyi "Barsa"ya 40 milyon dollar qarşılığında keçərək o vaxt üçün Hollandiya futbolu tarixinin ən bahalı futbolçusu olmuşdu...
Şübhəsiz, iki dəfə ölkəsinin millisi ilə Avropa üçüncüsü olan, 173 santimetr boya malik orta xətt oyunçusu verdiyi məhsuldar ötürmələrlə adından daha çox söz etdirib. Reaktiv sürətə malik yarımmüdafiəçi həm də düşünmə sürətinə, meydanı görmək bacarığına görə Avropa və dünya futbolunun nadir incilərindəndi. Meydanda sürətlə qaçmaq başqa, Mark kimi topla uçmaq və müxtəlif fintlərdən istifadə etmək məharəti təbii, tam fərqli anlayışlardı. Karyerası boyunca "qırmızı” almaması isə yaradıcı futbolu hansı incəliklə oynamasından xəbər verir.
Hazırda 47 yaşı olan veteran 2012-ci ildən "Ayaks”ın futbol direktorudu.
Fanat.Az "Ayaks”la Hollandiya, "Arsenal”la İngiltərə çempionluğu yaşamış, ÇL-in kuboku ilə yanaşı, Avropa Superkubokunu da başı üzərinə qaldırmış Overmarsın ən yaddaqalan qollarının bir qismini təqdim edir:
Fanat.Az
Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.