"Sabah" klubunun baş məşqçisi Krunoslav Renduliç UEFA Konfrans Liqasının III təsnifat mərhələsində evdə "Sent Patriks”ə (İrlandiya) qarşı keçirəcəkləri cavab matçından öncə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, xorvatiyalı mütəxəssis mətbuat konfransında belə danışıb:
"Sabah bizim üçün çətin oyun olacaq. Matça çox yaxşı hazırlaşmışıq. Növbəti mərhələyə yüksəlmək şansımız davam edir. Heyətdə müəyyən itkilər var. İrlandiyada istədiyimiz kimi oynaya bilmədik. İkinci yarıda azlıqda qalandan sonra qarşılaşma bizim üçün yaxşı keçmədi.
Penaltilər seriyası? Hansı futbolçuların daha yaxşı penalti vurduqlarını bilirəm, amma sabahkı oyunda penaltilər seriyası olmayacaq".
Qeyd edək ki, "Sabah" - "Sent Patriks" matçı avqustun 15-də, saat 20:00-da “Bank Respublika Arena”da keçiriləcək. "Bayquşlar" ilk dueldən 0:1 hesablı məğlubiyyətlə ayrılıblar.