Türkiyənin zəlzələ bölgəsində olan qadın futbolçumuz Alina Nəhmədova Azərbaycana qayıdıb.
Bu barədə Fanat.Az-a millimizin üzvü özü məlumat verib.
Qaziantep şəhərinin "Asya" klubunda çıxış edən Alina qardaş ölkədə liqanın martın 4-ü tarixində yenidən bərpa olunacağı bildirsə də, özünün iştirak edə bilməyəcəyini açıqlayıb. Belə ki, 20 yaşlı müdafiəçi zədəli olduğu üçün 5 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 maqnitudalı, saat 13:24-də isə Elbistan rayonunda 7,6 maqnitudalı iki zəlzələ qeydə alınıb. Bundan başqa saat 4:26-da, Qaziantepin Nurdağı rayonunda 6,4, saat 4:36-da isə Qaziantepin İslahiye rayonunda 6,5 maqnitudalı təkanlar baş verib. Zəlzələ Kahramanmaraş, Hatay, Osmaniyə, Adıyaman, Qaziantep, Şanlıurfa, Diyarbakır, Malatya və Adana başda olmaqla ətraf ərazilərdə, o cümlədən Ankarada da hiss edilib.
Bu hadisədən sonra ölkədə bir çox idman yarışlarında fasilə yaranıb. Ağır dağıntılara məruz qalan bu ərazilərin bir çoxunun futbol komandaları isə fəaliyyətini dayandırıb.
Röya