İsrailin Yerusəlim şəhərində təşkil olunan ilin yekun turniri - “World Masters"dən sonra Azərbaycan cüdoçularının dünya reytinqindəki mövqeyində dəyişiklik olub.
Fanat.Az xəbər verir ki, yarışın bürünc medalını qazanan Balabəy Ağayev (60 kq) üç pilləlik irəliləyişlə dördüncü pillədə qərarlaşıb. Eyni çəkidə 7-ci olan Kəramət Hüseynov mövqeyini 1, beşinci olan Turan Bayramov isə 5 pillə yaxşılaşdırıb. Onlar, müvafiq olaraq, 10 və 20-ci sıradadırlar.
100 kiloqramdan yuxarı çəkidə yeddinci olan Uşanqi Kokauri 2 pilləlik irəliləyişlə 12-cidir.
81 kq-da gümüş medala sahib çıxan Səid Mollayi və 100 kq-da üçüncü olan Zelim Kotsoyevin mövqeyi isə dəyişməyib. Hər iki təmsilçimiz üçüncü sırada yer alır.
Turniri ilk görüşdəncə tərk edən Məmmədəli Mehdiyev (90 kq) 2 pillə geriləyərək altıncı sırada qərarlaşıb. Eyni aqibətlə üzləşən Orxan Səfərov (66 kq) isə əvvəlki kimi 10-cudur.