"Mançester Siti"nin baş məşqçisi Xosep Quardiola Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununu - "Leyptsiq"lə səfər qaşılaşmasını (1:1) şərh edib.
Fanat.Az xəbər verir ki, "Marca" onun dediklərini belə çatdırıb:
"Yalnız ilk yarıdan deyil, bütün oyundan razıyam. Bu elə turnirdir ki, istənilən ciddi komanda mübarizəni dayandıra bilər. İnsanlar bizim Almaniyada 4:0 hesablı qələbə qazanacağımızı düşünürlərsə, təəssüflənirəm. Bunu edəcək durumda deyilik. İkinci yarıda rəqib daha çox təzyiqlə yadda qaldı. Son 20 dəqiqədə isə inamlı təsir bağışladıq. Hər iki hissədə qol imkanlarımız oldu. Bu, yaxşı nəticədir".
Oyunda əvəzləmə etməyən ispaniyalı çalışdırıcı bununla bağlı sualı da cavablandırıb:
"Mən bir oyunda 5 oyunçu dəyişikliyindən istifadə edə bilərəm, ancaq bu o demək deyil ki, mütləq bütün əvəzləmələri həyata keçirmək məcburiyyətindəyəm. Yetərincə yaxşı məşqçiyəm və nəyi necə etməli olduğumu bilirəm".
Qeyd edək ki, tərəflərin cavab qarşılaşması martın 14-də Mançesterdə keçiriləcək.
Nihat