AFFA İcraiyyə Komitəsinin həftəiçi keçirilən fövqəladə iclasında Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi ilə bağlı qərar verildi. İtaliyalı mütəxəssislə yollar ayrıldıqdan sonra yığmanın yeni çalışdırıcısının yenidən əcnəbi, yoxsa yerli olması ilə bağlı müzakirələr davam edir.
Azərbaycan millisinin sabiq baş məşqçisi Ağasəlim Mircavadovla əlaqə saxlayıb məsələ ilə bağlı mövqeyini öyrəndik.
"Şöhrət" ordenli mütəxəssisin Fanat.Az-a açıqlamasını təqdim edirik:
"Mən yerli baş məşqçinin təyin olunmasını hələ 1994-cü ildən qeyd edirəm. Millidə birmənalı olaraq, yerli baş məşqçi olmalıdır. Həm də komandaya təcrübəli baş məşqçi rəhbərlik etsə, daha yaxşı olar. Təcrübə həddindən artıq rol oynayır. Həmişə gənc kadrlara üstünlük vermişəm. Özüm işləyəndə də cavanlara yer vermişəm. Amma millini təcrübəli mütəxəssis çalışdırsa, effektli olar".
Nahid Məmmədov