İsveçdə ən istedadlı futbolçulardan biri hesab olunan İliya Yurkoviç gələcəyin ulduzlarından biri olaraq görülsə də, tam fərqli yol seçib.
Fanat.Az xəbər verir ki, o, 23 yaşında cinayət aləminə qoşulub.
AİK-in futbol akadeiyasında yetişən Yurkoviç klubun və İsveç futbolunun gələcəyi hesab olunurdu. AİK-in U-19 komandasının heyətində keçirdiyi 4 oyunda 10 qol vuraraq bütün diqqətləri üzərinə çəkən İliya əsas komandanın məşqlərinə cəlb olunmuşdu. Bundan sonra İsveçin gənclər millisinə dəvət alan futbolçunu "Vasalund" transfer etmiş və o, ilk peşəkar müqaviləsini imzalamışdı.
Lakin Yurkoviç 20 yaşında futbolla vidalaşıb. İliya hazırda 23 yaşındadı. Məlumata görə, keçmiş futbolçu 3 silahlı soyğun və fırıldaqçılıq ittihamları ilə həbs olunub. Bundan əvvəl isə adam öldürməyə cəhd ittihamı ilə saxlanılsa da, dəlil yetərsizliyindən sərbəst buraxılıb.
Artıq cinayətkar qruplaşma lideri olduğu bildirilən Yurkoviç İsveç polisi tərəfindən ölkənin ən təhlükəli şəxsləri siyahısına salınıb.
Onun cinayət aləminə qoşulmasına futbolçu karyerası dövründə də münasibətlərini kəsmədiyi uşaqlıq dostlarının səbəb olduğu bildirilir.
Fanat.Az