Premyer Liqa klubları iyul ayından öncə çempionatı başa vurmaq ehtimalını nəzərdən keçirirlər.
Fanat.Az "The Guardian"a istinadən xəbər verir ki, klubların əksəriyyəti mövsümün 30 iyuna kimi bitməsinin tərəfdarıdılar. Bu, oyunçular və heyət üzvlərinin müqavilələrinin məhz sözügedən tarixdə başa çatması ilə əlaqədardı.
FIFA ötən həftə sözləşmələrin cari mövsümün sonuna kimi uzadıla biləcəyini bəyan etmişdi. Lakin məsələ ilə bağlı dəqiqləşmiş bir şey yoxdu. Klublar ingilis müqavilə qanunvericiliyinin qurumun tələblərini əsassız hesab edəcəyindən qorxurlar.
Mövsümü 30 iyunda bitirmək təklifi səsə qoyularsa, qərarın təsdiqlənməsi üçün 14 klubun dəstəyinə ehiyac yaranacaq. Lakin belə olan halda, təqvimin tamamlanması mümkünsüz görünür. Komandaların əksəriyyətinin 9 görüşü qalıb. "Mançester Siti", "Şeffild Yunayted", "Arsenal" və "Aston Villa" isə 10 oyun keçirməlidilər. Digər tərəfdən, Almaniyadan fərqli olaraq, İngiltərədə klubların indiki vəziyyətdə məşqlərə başlaması da inandırıcı görünmür. Bu səbəbdən onların fiziki formalarını bərpa etməsi də əlavə zaman ala bilər.
Premyer Liqa klublarının sabah keçiriləcək iclasda mövsümün gedişatı ilə bağlı qərar qəbul edəcəyi gözlənilir.
Fanat.Az