Uels millisinin baş məşqçisi Rayan Qiqqz işin incəliklərini Lui van Qaldan öyrəndiyini bildirib.
Fanat.Az xəbər verir ki, uelsli çalışdırıcı "The Official Manchester United" podkastındakı çıxışında qeyd edib:
"Fərqli beynəlxalq məşqçilərlə işləmişəm, amma bu, elə də uzun müddəti əhatə etməyib. Ona görə də bu mənada daha çox Lui van Qal haqqında danışmağa üstünlük verirəm. Məşqçilik baxımından iki il onun yanında olmuşam, iclaslarda iştirak etmişəm, məsuliyyət almağı öyrənmişəm. Lui barəsində sevərək danışıram, çünki ilk məşqçilik təcrübəmi onun sayəsində qazanmışam.
Futbolçuluq illərində hazırlıq prosesi barədə heç bir məlumatın olmur. Məşqçilərin videoanalizlər zamanı nələrə fikir verdiyini bilmirsən. Oyunçulara rəqib analizi ilə bağlı 7-8 dəqiqəlik videolar təqdim olunur. Əslində, məşqçilər həmin videoları hazırlamaq üçün saatlarla oyunları izləyirlər. Odur ki, uzun müddət Aleks Ferqyusonla işləməyimə baxmayaraq, məşqçilik baxımından Lui van Qaldan daha çox şey öyrənmişəm. Serdən daha çox işin insan idarəetməsi ilə bağlı tərəflərini götürmüşəm. Lui ilə işbirliyimiz zamanı isə müxtəlif sistemləri mənimsədim, düzülüşləri və məşqçilərin onları seçmə səbəblərini öyrəndim. Həqiqətən də, əla təcrübə idi".
Qiqqz 2014-2016-cı illər aralığında "Yunayted"də Lui van Qalın köməkçisi olub.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol