ABŞ-ın "İnter Myami" klubunun sahiblərindən olan Devid Bekhem daha bir ulduz futbolçunu Avropadan Amerikaya aparmaq istəyir.
Fanat.Az "The Mirror"a istinadən xəbər verir ki, ingilis futbol əfsanəsi "Çelsi"dən Olivier Jirunu hədəfə alıb. Bu mövsüm Premyer Liqada cəmi 33 dəqiqə forma şansı qazanan fransalı forvard Timo Verner və Tammi Abrahamla rəqabətdə uduzur. "AVRO-2020"də Fransa millisinin formasını geyinmək istəyən 34 yaşlı forvard mövsümün ikinci yarısında daimi forma şansı qazana biləcəyi kluba keçmək niyyətindədi və bu səbəbdən Bekhemin təklifinə müsbət cavab verməsi gözlənilir.
Qeyd edək ki, Jiru indiyədək Fransanın "Qrenobl", "İstr", "Tur", "Monpelye", İngiltərənin "Arsenal" və "Çelsi" klublarında oynayıb. Fransa millisində keçirdiyi 105 oyunda 44 qol vuran forvard "DÇ-2018"in qalibi olub.
Onu da qeyd edək ki, "İnter Myami" bundan əvvəl Blayse Matuidi və Qonzalo Hiquayn kimi ulduzları heyətinə qatıb.