Xəbər verdiyimiz kimi, Pol Poqba "Mançester Yunayted"i tərk etməyə hazırlaşır. Bu barədə fransalı yarımmüdafiəçinin agenti Mino Rayola "Tuttosport" nəşrinə müsahibəsində bildirib.
O, 27 yaşlı oyunçunun Mançester təmsilçisindəki hekayəsinin başa çatdığını bildirib. Amma Rayola Poqbanın komandanı tərk edəcəyi dəqiq tarixi açıqlamayıb. İngiltərə mətbuatının iddiasına görə, bu, qış fasiləsində və ya cari mövsümün sonunda baş verə bilər.
Fanat.Az Avropa mediasına istinadən xəbər verir ki, Fransa millisinin ulduzu "Real"a keçməyə hazırlaşır. "Kral Klubu"nun fanatı olan 27 yaşlı yarımmüdafiəçi nəhayət bu istəyini reallaşdırmaq istəyir.
Qeyd edək ki, Poqba ötən ay verdiyi açıqlamada "Real"da oynamaq ən böyük arzus olduğunu bildirmişdi. Onun ya qışda, ya da yayda "Mançester Yunayted"dən ayrılaraq Madridə üz tutacağı gözlənilir.
Onu da qeyd edək ki, Poqba 2016-cı ilin yayında "Yuventus"dan "Mançester Yunayted"ə 105 milyon avroya transfer olunmuşdu. Onun transferi Neymarın "Barselona"dan 222 milyon avroya PSJ-yə keçidi reallaşana qədər dünya rekordu idi. Cari mövsümdə 13 rəsmi oyunda meydana çıxan fransalı futbolçu 2 qol vurub və 2 məhsuldar ötürmə edib.