Latviyanın paytaxtı Riqada cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, son gündə iki oğlan təmsilçimiz mübarizəyə qoşulub.
81 kiloqram çəkidə yarışan İsmayıl Zamanov ilk görüşdə (1/16 final) monteneqrolu Yunus Nurkoviçi "ippon"la məğlub etsə də, serbiyalı Miljan Radulja "vaza-ari" ilə yenilib. Rəqib yarımfinala yüksələ bilmədiyindən, idmançımız təsəlliverici görüşlərə qatılmaq şansını da itirib.
90 kq-dakı təmsilçimiz Əlirza Şıxəlizadə ilk görüşdə litvalı Kiril Volkovu üstələyib. Cüdoçumuz sonrakı mərhələdə (1/8 final) Belçikadan olan həmkarı İlman Nesirkoyevlə bacarmayıb. Təsəlliverici görüşlərə qatılan Şıxəlizadə əvvəlcə macarıstanlı Peter Kenderesini, ardınca belaruslu Vladimir Batrakovu yenib. İdmançımız bürünc medal uğrunda gürcüstanlı Arçil Mamulaşvili ilə üz-üzə gələcək.
Qeyd edək ki, Azərbaycan millisinin aktivində 3 qızıl, 1 gümüş, 2 bürünc medal var. Xəyal Həsənov (50 kq), İslam Rəhimov (55 kq) və qızların yarışında Aydan Vəliyeva (48 kq) Avropa çempionu olublar. Aydın Rzayev (60 kq) gümüş, Babarəhim Mirzəyev (50 kq) və Zahir Ağazadə (60 kq) bürünc mükafat qazanıb.
Sahib Əsədbəyli