Azərbaycanın son iki qadın güləşçisi bu gün Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında mübarizəyə qoşulacaq.
Fanat.Az xəbər verir ki, 57 kiloqram çəki dərəcəsində çıxış edən Jalə Əliyeva 1/8 final mərhələsində Juliya Rodriqes (Braziliya) ilə üz-üzə gələcək.
59 kiloqram çəkidəki Alyona Kolesnik isə 1/4 finalda Ebru Dağbaşı (Türkiyə) / Sakura Motoki (Yaponiya) cütünün qalibi ilə görüşəcək.
Bu gün həmçinin iki qadın güləşçimiz təsəlliverici görüşə qatılacaq. 53 kiloqramdakı Leyla Qurbanovanı Vineş Vineş (Hindistan) / Juldız Eşimova (Qazaxıstan) cütünün qalibi ilə duel gözləyir. Elis Manolova (65 kq) Aslı Demirlə münasibətləri aydınlaşdıracaq.
Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşi millisi mundialda çıxışını beş medalla başa vurub. Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc mükafata sahib çıxıb. Yığma komanda hesabında 118 xal toplayaraq dünya ikincisi olub.