Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında bu gün sərbəst güləş üzrə mübarizəyə start veriləcək.
Fanat.Az xəbər verir ki, ilk olaraq dörd çəkidə finalçıların adına aydınlıq gələcək.
Azərbaycan təmsilçilərindən Coşqun Əzimov (70 kq) təsnifatda Temulen Enktuya (Monqolustan) ilə qarşılaşacaq.
Əşrəf Aşırov (79 kq) 1/16 finalda Erik Reinbokun (Estoniya) müqavimətini qırmağa çalışacaq.
86 kq çəkidəki Abubakr Abakarov təsnifatda Həsən Zəkəriyev (Ukrayna) ilə gücünü sınayacaq.
Nəhayət, 125 kiloqram çəki dərəcəsində yer alan Aydın Əhmədov təsnifatda Den Çjiveyi (Çin) sınağa çəkəcək.
Təsnifat görüşləri Bakı vaxtı ilə saat 12:30-da başlayacaq. Yarımfinallara 18:45-də start veriləcək.
Bu gün həmçinin qadın güləşçimiz Jalə Əliyeva (57 kq) bürünc medal görüşünə çıxacaq. Onun rəqibinin adına Evelina Nikolova (Bolqarıstan) ilə Alina Akobia (Ukrayna) arasındakı təsəlliverici görüşdən sonra aydınlıq gələcək..
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medal qazanıb. Yığma yekunda 118 xalla komanda hesabında 2-ci yeri tutub.