"Meltwater Champions Chess Tour" onlayn şahmat seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turniri davam edir.
Fanat.Az xəbər verir ki, bu gün daha üç turun görüşləri ilə turnirin ilk mərhələsinə yekun vurulacaq. Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov öncə qara fiqurlarla özbəkistanlı Nodirbek Abdusattarovla üz-üzə gələcək.
Ardınca o, müvafiq olaraq, Nils Qrandeliusu (İsveç) və Daniel Naroditskini (ABŞ) sınağa çəkəcək.
Hazırda hesabında 23 xal olan Məmmədyarov turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Lider 25 xala malik polşalı Yan-Kşiştof Dudadır.
Ümumi mükafat fondu 150 min dollar olan turnirin dairəvi sistemlə 15 turdan ibarət ilk mərhələsinin yekununda ilk səkkiz yeri tutacaq şahmatçılar pley-offa vəsiqə qazanacaq.
Qeyd edək ki, "Aimchess Rapid" oktyabrın 21-dək davam edəcək.