Birləşmiş Ərəb Əmirliklərində şahmat üzrə 5-ci beynəlxalq "Sharjah Masters" turniri davam edir.
Fanat.Az xəbər verir ki, yarışda bu gün altıncı turun görüşləri keçirilib. Azərbaycan təmsilçilərindən Aydın Süleymanlı misirli Abdelrahman Heşamı, Günay Məmmədzadə qazaxıstanlı Meruert Kamalidinovanı yenib.
Misrətdin İsgəndərov və Nicat Abasov arasında baş tutan derbidə qalib müəyyənləşməyib. Məhəmməd Muradlı isə ABŞ şahmatçısı Hans Moke Niemanna uduzub.
Bu nəticələrdən sonra Məhəmməd, Misrətdin və Nicat hərəyə 3,5 xalla turnir cədvəlində, müvafiq olaraq, 15, 16 və 29-cu pillələrdə qərarlaşıblar. Aydın və Günayın aktivində 2,5 xal var.
Sıralamaya 5 xal hasil edən BƏƏ təmsilçisi Saleh Salem başçılıq edir.
Turnirdə 32 ölkədən ümumilikdə 80 şahmatçı iştirak edir.
Qeyd edək ki, İsveçrə sistemi üzrə 9 turdan ibarət yarış mayın 29-da başa çatacaq.