"Rizəspor"la oyunda ayağı iki yerdən qırılan Fernando Musleranın 6-8 ay yaşıl meydanlardan kənarda qalacağı dəqiqləşəndən sonra "Qalatasaray" qapıçı axtarışına başlayıb.
Fanat.Az xəbər verir ki, İstanbul klubu yeni mövsümün ikinci yarısına qədər oynamayacağı açıqlanan uruqvaylı qolkiperi əvəzləyəcək namizəd axtarır. Məlumata görə, "Cim-Bom" rəhbərliyi qapını məşhur qapıçıya həvalə etmək niyyətindədi.
Artıq klubun iki namizədi var. Bunlardan biri "Monako"dan ayrılacağı gözlənilən Xorvatiya millisinin üzvü Daniel Subaşiç, digəri "Barnli"də oynayan İngiltərə yığmasının sabiq qapıçısı Co Hartdı.
Bu arada "Qalatasaray" Fernando Musleranın da müqavilə müddətini uzadacaq. Bu barədə İstanbul təmsilçisinin vitse-prezidenti Abdurrahim Albayrak "Milliyet"ə məlumat verib.
O bildirib ki, 2021-ci ilin sonunda sözləşməsi başa çatan 34 yaşlı qolkiperlə daha iki illik müqavilə imzalanacaq. Albayrak zədə səbəbindən 6 - 8 ay yaşıl meydanlardan kənarda qalan qapıçının bütün ödəmələri alacağını sözlərinə əlavə edib.
Qeyd edək ki, Fernando Muslera Türkiyə Super Liqasının XXVII turunda "Rizespor"la matçda zədələnib. O, 15-ci dəqiqədə ayağından xəsarət alıb və dərhal xəstəxanaya çatdırılıb. Təcrübəli qapıçının sağ ayağında iki qırıq aşkarlanıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol