22:18 21.09.2026 148

Qurban Qurbanov "Qarabağ"dan ayrılmaq istəyib?

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bəzi məqamlarda klubdan ayrılmaq istəyib.

Fanat.Az Ağdam təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir, bunu adıçəkilən komandanın prezidenti Tahir Gözel deyib.

"Köhlən atlar"ın rəhbəri Qurban Qurbanovun uzun müddət "Qarabağ"ın baş məşqçisi olmasına münasibət bildirib:

"Mən həmişə demişəm ki, sabitlik inkişafın qarşısını alan deyil, düzgün idarə olunanda inkişafı sürətləndirən amildir. Qurban Qurbanov 2008-ci ildən "Qarabağ"ın baş məşqçisidir. Müasir futbolda bir baş məşqçinin bu qədər uzun müddət eyni klubda fəaliyyət göstərməsi artıq çox nadir hadisədir. Amma burada yalnız müddətə baxmaq düzgün olmaz. Əsas məsələ həmin illər ərzində formalaşan qarşılıqlı etimaddır. İlk illərdən Qurban Qurbanova inanmışıq. Elə dövrlər də olub ki, nəticələr arzuladığımız kimi getməyib. Futbolda belə mərhələlər qaçılmazdır. Həmin anlarda emosional qərar vermək əvəzinə, görülən işə, qurulan sistemə və bir-birimizə olan inamımızı əsas götürmüşük. Elə məqamlar olub ki, Qurban Qurbanov özü məsuliyyəti üzərinə götürməyə hazır olduğunu və klubdan ayrıla biləcəyini bildirib. Biz isə bir nəticənin və ya uğursuz seriyanın illər ərzində qurulan münasibətləri dağıtmasına imkan verməmişik. Çünki qarşımızdakı insanı yalnız son beş oyunun nəticəsinə görə tanımırdıq. Onun iş prinsipini, xarakterini, kluba münasibətini və hansı məqsədlər üçün çalışdığını bilirdik. Bu gün "Qarabağ" daxilində yaranmış ailə mühitinin də təməlində bu dayanır. Bu, o demək deyil ki, burada tələbkarlıq yoxdur. Əksinə, çox ciddi tələbkarlıq var. Sadəcə həmin tələbkarlığın yanında hörmət və etimad da mövcuddur. Klub rəhbərliyi baş məşqçiyə inanır, baş məşqçi rəhbərliyə inanır. Futbolçular hiss edirlər ki, qərarların arxasında sistem dayanır. İşçilər bilirlər ki, klub bir günlük emosiyalarla idarə olunmur. Bəzən futbolun ən böyük gücü məhz statistikada görünməyən bu münasibətlər olur. Bunlar heç bir dərslikdə yazılmır, amma böyük klubun qurulmasında çox mühüm rol oynayır".

O, Avropada qazanılan uğurlu nəticələrdən sonra azarkeşlərin təbii daha böyük transferlər gözlədiyini söyləyib:

"Azarkeşin daha böyük adlar görmək istəməsi tamamilə başadüşüləndir. Bu, klubdan gözləntinin böyüdüyünü göstərir və əslində bizi sevindirir. Amma transfer siyasətinə yalnız futbolçunun adına və ya onun üçün ödənilən məbləğə görə yanaşmaq düzgün olmaz. "Transfer pəncərəsi"nin sonunda yalnız "kimi aldın?" sualını vermək kifayət deyil. "Kimi saxladın?", "hansı mövqedə rəqabəti artırdın?", "komandanın ümumi balansını necə dəyişdin?", "gələn futbolçunun inkişaf potensialı nədir?" kimi suallar da verilməlidir. Burada Qurban Qurbanovun rolu çox böyükdür. Mən Qurban müəllimin futbolçu seçiminə inanıram və onun bu istiqamətdə qərarlarını tam dəstəkləyirəm. Hamı görür ki, Qurban müəllim futbolçu seçərkən yalnız onun hansı ölkədən və hansı çempionatdan gəlməsinə baxmır. Futbolçunun bugünkü statistikası vacibdir, amma bununla kifayətlənmir. Xarakterinə, meydandakı davranışına, komanda oyununa uyğunluğuna, inkişaf potensialına, yeni mühitə adaptasiya imkanına baxılır. Bəzən bir futbolçunun real potensialını onun transfer olunduğu gün ictimaiyyət görməyə bilər. Məşqçi isə həmin futbolçuda altı ay və ya bir il sonra ortaya çıxa biləcək keyfiyyəti görür.

Kamilo Duran buna yaxşı nümunələrdən biridir. O, "Qarabağ"a gələndə Portuqaliyanın ikinci liqasında çıxış etmişdi və müəyyən suallar səslənirdi. "Qarabağ"da keçdiyi inkişaf prosesindən sonra "Seltik"ə transfer olundu. Yeni klubunda qısa müddət ərzində təsir göstərdi, ilk yeddi rəsmi qarşılaşmasında altı qol vurdu və Şotlandiya Premyer Liqasında avqust ayının ən yaxşı futbolçusu seçildi. Bu, bizim üçün sadəcə uğurlu satış deyil. Bu, düzgün futbolçu seçiminin, məşqçi işinin və futbolçunun öz zəhmətinin nəticəsidir. Ümumiyyətlə, transfer siyasətində bizim üçün əsas məsələ sadəcə daha yüksək məbləğ ödəyib futbolçu gətirmək deyil. Əsas olan klubun imkanlarına uyğun büdcəni düzgün müəyyənləşdirmək, komandanın hansı mövqedə güclənməyə ehtiyacı olduğunu doğru təhlil etmək və həmin mövqe üçün oyun fəlsəfəmizə uyğun futbolçunu seçməkdir. Futbolçunun fərdi keyfiyyətləri nə qədər yüksək olsa da, onun mövcud heyətə, komanda yoldaşlarının xüsusiyyətlərinə və baş məşqçinin oyun modelinə uyğunluğu eyni dərəcədə vacibdir. Transferin uğuru yalnız oyunçunun fərdi səviyyəsi ilə deyil, bütövlükdə komandanın daxilində nə dərəcədə effektiv ola bilməsi ilə ölçülür. Burada maliyyə və komandadaxili balans məsələsi də xüsusi əhəmiyyət daşıyır. Klubumuzun maliyyə dayaqları kifayət qədər güclüdür və imkanlarımız daha yüksək məbləğdə futbolçu transfer etməyə şərait yaradır. Ancaq transfer qərarı verərkən yalnız buna əsaslana bilmərik. Komandada futbolçuların müqavilə şərtləri və ödəniş səviyyələri arasında sağlam nisbətin qorunması vacibdir. Mövcud heyətdə bir-birinə yaxın maliyyə şərtləri formalaşıbsa, həmin strukturun içərisinə digərlərindən kəskin şəkildə fərqlənən məbləğlə futbolçu gətirmək kollektiv daxilindəki tarazlığa mənfi təsir göstərə bilər. Bizim üçün əsas prinsiplərdən biri də məhz budur: futbolçunun keyfiyyətini artırarkən komandanın daxili balansını pozmamaq. Çünki güclü komanda yalnız yaxşı futbolçuların bir araya gəlməsi ilə formalaşmır. Həmin futbolçular arasında ədalətli rəqabətin, qarşılıqlı hörmətin və sağlam münasibətlərin qorunması da eyni dərəcədə vacibdir. Bu mövsüm heyətimizə 12 yeni futbolçu cəlb etmişik. Bu qədər çox oyunçunun eyni dövrdə komandaya qoşulması müəyyən uyğunlaşma mərhələsini zəruri edir. Yeni futbolçuların baş məşqçinin tələblərini tam mənimsəməsi, komanda yoldaşlarını daha yaxından tanıması və meydanda arzu etdiyimiz ahəngin yaranması üçün onlara vaxt verilməlidir. Hər bir futbolçunun komandaya hansı keyfiyyəti əlavə edə biləcəyini, ümumi oyun sisteminə necə uyğunlaşacağını və kollektiv daxilində formalaşmış tarazlığa necə təsir göstərəcəyini nəzərə alırıq. Buna görə yeni transferləri bir neçə oyun əsasında qiymətləndirmək düzgün olmaz. Onların potensialını tam göstərməsi üçün müəyyən müddətə ehtiyac var. Əsas məqsədimiz yeni gələn oyunçuların komandaya düzgün inteqrasiyasını təmin etmək, kollektivin ahəngini qorumaq və eyni zamanda ehtiyac duyulan mövqeləri gücləndirməkdir".

T.Gözel son illərdə "Qarabağ"dan Avropanın daha yüksək səviyyəli çempionatlarına və tanınmış klublarına transfer olunan futbolçuların sayının artığını vurğulayıb:

"Əgər məqsəd yalnız futbolçu alıb satmaq olsaydı, bu, idman layihəsi deyil, sırf kommersiya fəaliyyəti olardı. Biz futbolçunu müəyyən edirik, onu komandaya gətiririk, sistemimizə uyğunlaşdırırıq, inkişaf etməsinə şərait yaradırıq, Avropa arenasında özünü göstərmək imkanı veririk. Əgər həmin futbolçu bir müddətdən sonra karyerasının növbəti mərhələsinə keçirsə, bu, həm futbolçunun, həm məşqçi heyətinin, həm də klubun uğurudur. Juninyo bunun çox yaxşı nümunəsidir. O, Portuqaliyanın "Şaveş" klubundan "Qarabağ"a gəldi. Burada Avropa oyunları da daxil olmaqla yüksək səviyyədə özünü göstərdi, iki mövsüm ərzində böyük inkişaf yolu keçdi və daha sonra Braziliyanın ən tanınmış klublarından biri olan "Flamenqo"ya transfer olundu. Braziliyadan çıxmış bir futbolçunu Avropaya gətirib, burada inkişaf etdirib, sonra "Flamenqo" kimi Braziliya nəhənginə transfer etmək sıradan hadisə deyil. Bu, "Qarabağ"da futbolçu ilə hansı işin görüldüyünü göstərir. Burada ilk növbədə Qurban Qurbanovun, onun məşqçi heyətinin, skautinq sistemimizin və futbolçu ilə gündəlik çalışan bütün əməkdaşların əməyini qeyd etmək lazımdır. Belə transferlər klub üçün maliyyə baxımından da əlavə imkan yaradır. Qazanılan vəsait yenidən əsas komandaya, akademiyaya, infrastruktura, seleksiya sisteminə və başqa inkişaf istiqamətlərinə yönəldilə bilər. Əsas məqsəd budur ki, futbolçular dəyişsə də, sistem gücünü itirməsin".

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

21 Sentyabr 2026
22:18

Qurban Qurbanov "Qarabağ"dan ayrılmaq istəyib?

21:46

"Mançester Yunayted"də baş məşqçi dəyişikliyi

21:11

"Turan Tovuz" - "Fənərbağça" matçı bu saatda başlayacaq

20:45

"Tottenhem"dən 125 milyonluq transfer bombası

20:29

"Qarabağ"ın sabiq ulduzunun transfer dəyəri 4 milyon avroya çatdı

19:50

ÇL: "Sabah"ın Bakıdakı dörd ev oyununa vahid biletlər satışa çıxarılıb

19:12

Azərbaycan millisi ilk yoxlama matçında heç-heçəyə razılaşdı

18:37

II Liqa: "Qaradağ Lökbatan"dan darmadağın, "Zəngəzur" inamlı qələbəyə sevindi

18:15

"İmişli" 2 yoxlama oyunu keçirəcək

17:47

"Bütün rəqiblərə qarşı qələbə qazanacaq, xal alacaq gücdəyik" - Tural Cəlilov

17:28

İlham Yadullayev: "Bu 3 xala həm mental, həm də psixoloji baxımdan çox ehtiyacımız var idi"

17:09

"İlk "beşlik"də kimlərin mübarizə aparacağını müəyyənləşdirmək mümkündür" - Arif Əsədov

16:50

"Zaqatala" elita təmsilçisi ilə sınaq oyunu və legioner transferi planlaşdırır - AÇIQLAMA

16:32

Rusiyada mövsümün ilk məşqçi istefası reallaşdı

16:14

"Araz-Naxçıvan" baş məşqçisini istefaya göndərdi

15:55

Roland Şallai heyətdən çıxarıldı

15:36

"Bu, bir tərəfdən sevindirici olsa da, planlarımıza da təsirsiz ötüşmür" - Azər Bağırov

15:17

"Qarabağ"ın futbolçuları 5 gün istirahət edəcək

14:58

2-ci Liqa: "Zəngəzur" Ağdaş səfərində, "Qaradağ Lökbatan" "Şəmkir"lə üz-üzə

14:40

Məhsuldar ötürmə müəlliflərinin sayı 45-ə çatdı, liderlər dəyişmədi - STATİSTİKA

14:21

"Qarabağ"la qarşılaşacaq "Zirə"nin futbolçuları neçə gün dincələcək? - AÇIQLAMA

14:04

"Zirə"nin legionerləri milli komandaya dəvət edildi

13:45

"Sumqayıt"ın fasilə dönəmindəki planları açıqlandı

13:21

Koul Palmer İngiltərə millisindən kənarda qaldı - SƏBƏB

13:03

Kamal Umudlu hamıdan amansızdır - Hakimliyin mənzərəsi

12:44

"Barselona"nın müdafiəçisindən pis xəbər

12:25

"Kəpəz" ən sülhsevər 5 komandadan biridir

12:06

Azərbaycan Basketbol Liqasında iştirakçı klubların siyahısında dəyişiklik edildi

11:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:30

Mourinyu məğlubiyyəti bu cür şərh etdi

11:08

"Neftçi"dən yubiley qələbəsi

10:50

"Sabahın Ulduzları": U-15 yaş qrupunda finalçılar müəyyənləşdi

10:30

"Sabah" 250-yə çatdı

03:54

La Liqa: Madrid derbisində sevinən tərəf "Atletiko" oldu

03:32

Liqa 1: PSJ səfərdən 3 xalla dönür

03:22

A Seriyası: "Milan" darmadağına güldü

03:11

Bundesliqa: "Bayer" inamlı qələbəyə sevindi

02:56

Super Liqa: "Fənərbağça" rəqibini meydana çıxdığına peşman etdi

02:41

Premyer Liqa: "Liverpul"a 1 qol bəs etdi

01:51

Nəriman Axundzadə üçün Türkiyədə vəziyyət dəyişmir

Facebookdan bizi izləməyi unutmayın.
X