AFFA-nın İntizam Komitəsi U-11 liqasında mübarizə aparan "Hacıqabul Şərq" komandasını yarışlardan kənarlaşdırıb.
Fanat.Az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, “Hacıqabul Şərq” üçüncü dəfə oyuna gəlmədiyi üçün ağır şəkildə cəzalandırılıb.
Belə ki, sözügedən komanda son olaraq “İmişli” ilə matça da çıxmayıb.
U-11 Liqasında Gəncənin "Azəri" komandası texniki məğlubiyyətlə üzləşib. Baş məşqçi Elşən Əliyev qarşılaşmanın 24-cü dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə cəzalandırılıb. Ardınca mütəxəssis meydanı tərk etmədiyinə görə oyun yarımçıq dayandırılıb.
Region Liqasında keçirilməli olan “İrəvan” İK – “City Baku” matçında ev sahibi komanda təyin edilən vaxtda meydanda olmayıb və bu səbəbdən texniki məğlubiyyət alıb.
Region Liqasında yenidən keçirilməsi nəzərdə tutulan “VT Gəncə” – “Balakən” FK oyununa qonaqlar gəlməyib. Görüş baş tutmadığı üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.