"Turan Tovuz” klubunun nəzdində fəaliyyət göstərən futbol akademiyasının koordinatoru Adil Şükürovun Fanat.Az-a müsahibəsi
- Akademiyada işlər necə gedir? Hazırlıqlar başlayıbmı, yoxsa yay tətilindən sonra start götürəcək?
- Akademiyamızda U-17 və U-16 komandaları dünəndən məşqə başlayıblar. Digər yaşlardan ibarət komandalarımız məşqlərə avqust ayının ilk 15 günlüyündən başlamasını nəzərdə tutmuşuq. Yəni, mərhələli olaraq məşqlərə başlayacağıq. Onu qeyd edə bilərəm ki, ilkin olaraq U-17 komandamızda bir neçə futbolçumuzu əsas komandayla məşqlərə qatmağı planlaşdırmışıq.
- Akademiyanın açılışından 7 ay arxada qalıb. Geridə qalan bu 7 ayı necə qiymətləndirirsiniz? Nə kimi işlər görülüb?
- Açılışından 7 ay keçsə də, mən burada 5 aydır fəaliyyət göstərirəm. Gələn kimi dərhal bütün yaş qrupları üzrə komandalarda müşahidə apardım, qeydlərimi etdim. Harda hansı çatışmazlıqların olduğunu müəyyən etdim. Hazırlıq planlarını həyata keçirəndə bunlar olduqca vacib rol oynayır və artıq nəzərə alınıb. Həm məşqçilər, həm də futbolçuların inkişafı istiqamətində planlarımız var. Bu barədə onlarla geniş müzakirələr aparıb, məşqçilərə lazım olan istiqamətdə tapşırıqlar verilir.
- Uşaqların məşqlərinə Bakıdan, Yüksək Liqa klublarından skautlar gəlirmi?
- Məşqlərimiz yeni başladığına görə hələlik skautlar gəlmiyiblər. Amma U-17 millimizin baş məşqçisi Aqil Nəbiyev komandanın məşqlərini izləyir.
- Yeni mövsüm üçün nə kimi yeniliklər, planlar var?
- Əsas planlarımız hazırdır və rəhbərliyə təqdim olunub. Bura gənc futbolçuların daha çox oyun praktikasının olması, əsas komandaya 16-17 yaşlı futbolçuları göndərmək daxildir. Bundan əlavə, Gürcüstan, Türkiyə kimi yaxın ölkələrdə baş tutan müxtəlif futbol turnirlərində mütəmadi olaraq iştirak etməyi də planlaşdırırıq.
Emin Şəmsiyev