Bu gün UEFA Çempionlar Liqasında ilk finalçı bəlli olacaq.
Fanat.Az xəbər verir ki, yarımfinal mərhələsinin cavab matçında "Vilyarreal" ilk oyunda 0:2 hesabı ilə uduzduğu "Liverpul"u qəbul edəcək.
İspaniya təmsilçisinin baş məşqçisi Unai Emeri matçdan əvvəl "Marca"ya danışıb:
"Mükəmməl matç keçirməliyik. Rəqibə qarşı heç kimin etmədiyi qədər müqavimət göstərməliyik. Zəif tərəflərini tapmaq lazımdır. Tiaqo Alkantara İngiltərədə mükəmməl oyun nümayiş etdirdi. O, ən yaxşı oyunçu idi. Fabinyo da əla çıxış etdi. Müqavimət göstərə bildik və rəqibə daha çox fürsət yaxalamağa imkan vermədik. Şansları oldu, amma alverişsiz fürsətlər idi. Müdafiə baxımından da yaddaqalan oyun nümayiş etdirdik. Ancaq bu gün yenidən matçın oyunçusu "Liverpul" olsa, biz Çempionlar Liqası ilə vidalaşacağıq".
Qeyd edək ki, "Vilyarreal" - "Liverpul" matçı bu axşam Bakı vaxtı ilə 23:00-da start götürəcək.
Röya