Ötən həftə Elmar Baxşıyevlə yolları ayıran "Qəbələ" gürcüstanlı mütəxəssis Kaxaber Tsxadadze ilə anlaşdı. 55 yaşlı çalışdırıcı "qırmızı-qaralar"ı uğursuzluq zolağından çıxarmalı, komandanı elitada saxlamalıdır. Təcrübəli baş məşqçinin bu tapşırığın öhdəsindən gələ bilib-bilməyəcəyi ilə bağlı tanınmış futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxlayıb fikirlərini öyrəndik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Kaxaber Tsxadadze Azərbaycanda çempion olmuş baş məşqçidir. Azərbaycan futbolunu və ictimaiyyətini tanıyan mütəxəssidir. Ümid edirəm ki, o, ağır durumda olan "Qəbələ"yə kömək edə biləcək. Komanda ölkə kubokunun finalında "Neftçi" və ya "Qarabağ"la qarşılaşsa, inanmıram nəticə qazana bilsin. Məncə, "Qarabağ" nə kuboku, nə də də çempionatı heç kimə güzəştə gedən deyil.
Baş məşqçinin uğur əldə etməsi maliyyə vəziyyətindən asılı olacaq. Tsxadadze hazırkı oyunçularla beşinci yeri tuta bilər. Ölkə kubokunu qazanıb Konfrans Liqasında uğurlu nəticə göstərməsi isə çətin məsələdir. Sözsüz ki, Tsxadadzenin özünəməxsus oyun üslubu var. O, "İnter"də işləyəndə "beşli müdafiə" sisteminə üstünlük verirdi. Bunun üçün Bakı klubu ona istədiyi maliyyəni ayırmışdı. "Qəbələ" rəhbərliyinin necə maliyyə ayıracağı isə mənə məlum deyil. Ona görə də bu haqda nəsə deməkdə çətinlik çəkirəm".
Qeyd edək ki, Kaxaber Tsxadadze ilə 1,5 illik müqavilə imzalanıb.
Nahid Ustaclı