Bu gün Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani futbol üzrə milli komandanın Baş məşqçisi Blaqoye Milevski və futbolçular Aleksandr Traykovskiylə Enis Bardiyə diplomatik pasportlar təqdim edib.
Fanat.Az Makedoniya mətbuatına istinadən xəbər verir ki, Osmani XİN-də keçirilən ziyafətdə bu fikirləri səsləndirib:
"Siz Almaniya və İtaliya kimi futbol supergüclərini məğlub etdiniz. Buna görə təkcə futbolçu deyil, həm də idman diplomatları və Makedoniya səfirlərisiniz. Ona görə də tez-tez səfərləriniz üçün sizə diplomatik pasportlar veririk".
Cümə axşamı 2022-ci il dünya çempionatının pley-off mərhələsinin yarımfinalında Şimali Makedoniya millisi Palermoda Avropa çempionu İtaliyanı 1:0 hesabı ilə məğlub edib. Yeganə qolu matça əlavə olunkuş ikinci dəqiqədə Traykovski vurub.
Makedoniyalı futbolçular bazar günü Portuya səfər edəcək və çərşənbə axşamı mundiala yollanmaq üçün Portuqaliya ilə həlledici qarşılaşmaya çıxacaqlar.