
AFFA tərəfindən yeni yaradılan “APL Fantasy” layihəsində artıq 3700-dən artıq komanda qeydiyyatdan keçib.
Bunu Fanat.Az-a açıqlamasında qurumun Marketinq Departamentinin rəhbəri Zeynal Əhmədov deyib.
O, ötən həftə rəsmi təqdimat mərasimi keçirilən layihəyə marağın yüksək olduğunu bildirib:
"Azarkeşlər daxili çempionata həsr olunmuş “Fantasy” oyununa böyük maraq göstərirlər.Bu günə qədər artıq 3700-dən çox komanda qeydiyyatdan keçib, onlarla liqa yaradılıb. Liqaların sayı komandaların sayı ilə proporsional sürətdə artır. Çoxsaylı liqardan "CBC Sport"u, "Misli"ni qeyd edə bilərəm".
Qeyd edək ki, hər bir istifadəçi hesabına daxil olaraq maksimum iki komanda yarada bilər. Heyət 15 futbolçudan ibarət olmalı və eyni klubdan ən çoxu üç oyunçu seçilməlidir. Seçilən futbolçuların real çempionat matçlarındakı göstəricilərinə (qol, məhsuldar ötürmə və s.) əsasən xallar hesablanacaq. Mövsümün və turların yekununa əsasən qalibləri xüsusi mükafatlar gözləyir. Yeni mövsüm avqustun 14-də start götürəcək.
Mirağa