
Azərbaycan çempionu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskasın film ssenarisini xatırladan həyat hekayəsi Yunanıstan mətbuatının diqqət mərkəzinə düşüb. "Monobala.gr" nəşri litvalı mütəxəssisin futbol dünyasındakı qeyri-adi uğur yolunu geniş işıqlandırıb.
Fanat.Az xəbər verir ki, Dambrauskasın böyük futbola gəlişi gözlənilməz bir hadisə ilə başlayıb. Litvada "Kim milyonçu olmaq istəyir?" yarışmasına qatılan Valdas orada böyük pul mükafatı qazanıb. O, bu vəsaiti əyləncəyə deyil, uşaqlıq xəyalına – məşqçilik təhsilinə xərcləyib. Londona yollanan Dambrauskas orada təhsil alaraq "Fulhem" və "Brentford" akademiyalarında təcrübə keçib.
2009-cu ildə 32 yaşında Litvanın aşağı yaş qrupları üzrə milli komandalarını çalışdıran mütəxəssis, daha sonra "Panevejis" və "Jalgiris"də (6 titul) uğur qazanıb. "Riqa", "Qoritsa", "Ludoqorets" və "Xayduk Split"dəki fəaliyyətindən sonra Yunanıstanın "OFI Krit" klubunu çalışdıran litvalı, oradakı gərgin günlərini "OFI-dəki təcrübəmi bir sözlə ifadə etsəydim, bu 'lift' olardı" sözləri ilə xatırlayıb.
2025-ci ilin iyulunda "Sabah"ın sükanı arxasına keçən Dambrauskas, 2025/26 mövsümündə Masazır təmsilçisinə tarixindəki ilk Azərbaycan çempionluğunu qazandırıb.
Çempionlar Liqasının təsnifat mərhələsində ardıcıl olaraq "TNS" (Uels), "KuPS" (Finlandiya) və "Orhus"u (Danimarka) mübarizədən kənarlaşdıran "Sabah", indi Liqa mərhələsinin bir addımlığındadır. Pley-offda "Hapoel Beer-Şeva" ilə qarşılaşan təmsilçimizin uğurları barədə yunan mətbuatı "Uşaqlıqdan bəxti gətirən Dambrauskas "Sabah"ı Çempionlar Liqasına aparır" ifadələrini işlədib.
Kamil Xudiyev