
UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ" dünən "Tvente" ilə qarşılaşıb. Ağdam təmsilçisi səfərdə 1:0 hesabı ilə qalib gəlib.
Azərbaycan millisinin və "Qarabağ"ın sabiq yarımmüdafiəçisi, tanınmış futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxlayıb "köhlənlər"in qələbəsi və cavab matçı barədə nə düşündüyünü soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Yaxşı və maraqlı oyun oldu. "Qarabağ" üçün görüşün ağır keçəcəyi düşünülürdü və buna səbəb də heyətin yenidən formalaşması, zədəlilərin olması idi. Komandamız matçın əvvəlində basqı altında oynadı. Amma ilk yarının ortalarından etibarən, topa nəzarəti ələ keçirdik. Oyunu ələ aldıqdan sonra rəqib üçün çətin oldu. Çünki cinahlardan hücumlar və ya ötürmələr nəticəsində artıq "Tvente" futbolçuları yorulmağa başladılar. Topu ələ keçirmək istəyi və qarşı tərəfin pressinqi onları bir qədər əldən saldı. İkinci hissə "Tvente"nin kobud səhvi ilə başladı. Kadi Borges qapıçı ilə üzbəüz çıxdı, əfsuslar olsun ki, top dirəkdən geri qayıtdı. Növbəti top itkisindən sonra Jali Muaddibin cinahdan ötürməsi zamanı "Qarabağ" hesabı açdı. Qoldan sonra əsl "Tvente" üzə çıxdı. Yəni daha təzyiqli və hücumayönümlü oynamağa başladılar. Dəyişikliklərə əl atdılar, daha cəld futbolçuları meydana buraxdılar. Qapıçımız inamlı təsir bağışladı.
Qeyd edək ki, tərəflər arasında cavab matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.
Əlisahib İbrahimli