
"Şamaxı" Misli Premyer Liqasının 4-cü turunda "Kəpəz"in qonağı olacaq. "Aslanlar"ın baş məşqçisi Azər Bağırov yayda ayrıldığı Gəncəyə rəqib qismində yollanacaq. Başqa sözlə, tur onun keçmiş komandasına qarşı duellə əlamətdar olacaq.
Bu barədə Fanat.Az-a danışan Bağırov təəssüratlarını bölüşüb.
"İlk növbədə deyim ki, mənim üçün hansısa prinsipiallıq yoxdur. "Kəpəz"lə oyuna digər rəqiblər kimi yanaşıram. Sözsüz ki, Gəncədə oynamaq asan olmayacaq. Yeni stadiondur, bizi dolu tribunalar gözləyir. Yaxşı formalaşmış bir komandaya qarşı oynayacağıq. Görünən odur ki, keçən mövsümlə müqayisədə "Kəpəz"in büdcəsində nəzərəçarpacaq artım var. Çünki komandanın özəyini legionerlər təşkil edir. "Turan Tovuz"la matçda yaxşı oyun sərgilədilər və layiqli qələbə qazandılar.
Komandama gəlincə, narazı qaldığım məqamlar çoxdur. Çatışmazlıqlarımız var. Hələ çox işləməliyik. Demək olar büsbütün yenilənmiş komandayıq.
"Kəpəz" - "Şamaxı" qarşılaşması sentyabrın 4-də keçiriləcək. Gəncə şəhər stadionunda baş tutacaq görüşün start fiti 20:15-də səsləndiriləcək. Əvvəlki üç turda 2 oyuna çıxan qərb təmsilçisinin 3 xalı varsa, "Şamaxı" 3 matçda 2 xal əldə edib.
Mirağa