
"Qarabağ"ın sabiq polşalı qolkiperi Mateuş Koxalski ölkəsinin "Vyeçista Krakov" klubuna keçidindən sonra Azərbaycan futbolunun ünvanına kəskin fikirlər səsləndirib.
Fanat.Az xəbər verir ki, təcrübəli qapıçı Polşanın məşhur "Meczyki" nəşrinə verdiyi müsahibəsində Ağdam təmsilçisini tərk edərək Polşa təmsilçisinə yollanmasının səbəblərini açıqlayıb.
Müsahibə zamanı Azərbaycan çempionatını gözdən salan Koxalski, "Mənim üçün Avropaya qayıtmaq çox vacib idi, çünki Azərbaycan klubları nəzəri olaraq avrokuboklarda oynasa da, mənə görə buralar çox uzaq və ekzotik liqadır" sözlərini işlədib.
O, karyerasını Asiya və ya Qafqaz kimi fərqli coğrafiyalarda deyil, birbaşa Avropada davam etdirərək "TOP-5" liqalarına düşmək istədiyini bildirib. Sabiq "Qarabağ"lı bu iddialı açıqlamaları ilə özünün aşağı səviyyəli kluba transferini və qazandığı yüksək məbləğdə maaşı Avropaya dönüş bəhanəsi altında pərdələməyə çalışıb.
Lakin onun bu fikirləri hətta Polşa mətbuatı tərəfindən də ciddi narazılıq və təəccüblə qarşılanıb. Yerli media, Çempionlar Liqasında oynayan "Qarabağ"ı qoyub Polşanın aşağı səviyyəli klubuna keçməyin böyük karyera məntiqinə tamamilə zidd olduğunu vurğulayıb.
Kamil Xudiyev