Bu gün Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə "Böyük Dəbilqə" turniri start götürəcək.
Fanat.Az xəbər verir ki, ilk yarış günündə Azərbaycan millisinin 4 üzvü mübarizə aparacaq.
60 kq çəkidə Əhməd Yusifov 1/16 finaldan, Rövşən Əliyev isə 1/8 finaldan yarışa qoşulacaq. Yusifovun rəqibi almaniyalı Moritz Plafki olacaq. Əliyev isə Nurkanat Serikbayev (Qazaxıstan) - Mutaz Xavca (Səudiyyə Ərəbistanı) cütünün qalibi ilə üz-üzə gələcək.
66 kq çəki dərəcəsində hər iki cüdoçumuz 1/16 finaldan mübarizəyə başlayacaq. Kamran Süleymanov estoniyalı Vilcar Lipardı, Ruslan Paşayev isə almaniyalı Lennart Slamberqeri sınağa çəkəcək.
Qeyd edək ki, martın 5-dək davam edəcək "Böyük Dəbilqə"də Azərbaycan ümumilikdə 6 cüdoçu ilə təmsil olunur. Nəriman Mirzəyev və Rəşid Məmmədəliyev (hər ikisi 73 kq) sabah mübarizəyə qoşulacaqlar.