17:09 12.01.2021 2890

Düşməni vahiməyə salan idmançı: “Ermənilər Şuşaya gəldiyimizi 3-4 gün sonra bildi”

"Müharibədə elə anlar olub ki, onu ömrümün sonuna kimi unuda bilmərəm"

Vətən müharibəsinin qalib əsgərlərindən biri də "Paşa” ləqəbi ilə tanınan Allahşükür Qasımovdur. Düşməni heybətli cüssəsi ilə vahiməyə salan hərbi qulluqçumuz Azvision.az-a müsahibəsində 44 günlük döyüş yolundan, müharibə xatirələrindən danışıb.

O, söhbətimizin əvvəlində hələ uşaq yaşlarından idmana və hərbiyə böyük marağının olduğunu deyib:

"1989-cu ildə Cəlilabadın Sərhədabad kəndində anadan olmuşam. Atam adımı Paşa qoyub, ancaq babam sonradan bu adı dəyişərək Allahşükür edib. Sənəddə Alllahşükür yazılsa da, uşaqlıqdan hamı məni Paşa deyə çağırır. Kiçik yaşlarımdan idmanla məşğul olmuşam. Yunan-Roma güləşi üzrə Respublikada ikinci yerə çıxmışam. Özüm də məşqçi olmuşam. Bir müddət şəxsi mühafizəçi kimi çalışmışam. 2017-ci ildə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi (MAXE) Azərbaycan Ordusunun sıralarına yazılmışam. Vətən müharibəsində Füzuli, Cəbrayıl və Şuşanın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak etdmişəm.

Füzuli döyüşləri mənim yadımda bir çox məqamlarla qalıb. Bizim hücum istiqamətimiz Aşağı Seyidəhmədli kəndində meşənin içindəki düşmən bunkeri idi. Ora gedib çatmalı idik. Ermənilər bizi dayandırmaq üçün gün ərzində bəlkə də 300-400 minomyot atırdılar. Birinin başına düşürdü, digərini dalğası tuturdu, bir sözlə, kimin bəxti necə gətirdi. Ərazi dərə-təpə, qamışlıq idi. Yaxınlaşdıqca artilleriyadan atışları gücləndirdilər. Yaralımız, şəhidimiz oldu, ancaq heç nə bizi saxlamadı, gedib həmin ərazilərdi götürdük. Düşmən bir neçə gün təzyiq göstərdi, əks-hücuma keçmək istədi. Ancaq gördü ki, məqsədimiz çox ciddidir. Ona görə də həmin bunkeri qoyub qaçdılar. Onların xeyli silah-sursatlarını, texnikalarını, döyüş xəritələrini ələ keçirdik.



Ermənilər bir az təzyiq göstərirdilər, görürdülər ki, biz geri çəkilmirik, irəliləyirik, panikaya düşüb qaçırdılar. Əsasən də "Allahu Əkbər" qışqıranda lap qorxurdular. Səs-küylə Allahın adını çəkə-çəkə döyüş aparmağımızdan çəkinirdilər. Bizdə isə vəziyyət əksinə idi. Ya öləcəkdik, ya da irəli gedəcəkdik. Təsəvvür edin, döyüş yoldaşlarımız yaralanırdılar, amma onları xəstəxanaya göndərə bilmirdik. Yaralarını bağlayıb yenidən hücuma keçirdilər".

Paşanın sözlərinə görə, növbəti hədəf Gecəgözlü kəndi istiqamətində olub:

Orada ermənilər əks-hücuma keçdilər. Ancaq biz onlara imkan vermədik, geri oturdub, həmin əraziləri götürdük. Füzulidə salamat ev yox idi. Çay daşlarından tikilmiş uçuq binalar qalmışdı. Hər yan xarabalığa çevrilmişdi. Buna görə də biz orada bayrağı ancaq dağlara, təpələrə sancırdıq. Harada yüksəklik görürdüksə, bayrağımızı orada ucaldırdıq ki, uzaqdan Azərbaycan bayrağı görsənsin.

Füzulidə, Cəbrayılda yaşayış olmayıb. Ermənilərin yaşayışı Hadrutdan başlayıb. Cəbrayıl istiqamətində hərbi zastavaları olub. Füzulidə isə betonla bərkidilmiş şahmatvari postları var idi. Bunkerlərin beton divarlarının qalınlığı bir metrdən çox idi. Allaha şükür ki, biz oraları yarıb keçdik. Bir kəndin alınması, növbəti döyüşün taleyini həll edirdi, bizi ruhlandırırdı”.
 

Cəsur hərbçimiz tarixi Şuşa əməliyyatında da iştirak edib.

"Bizim qrupu kəşfiyyatla Şuşa istiqamətinə göndərdilər. Üstümüzdə 50 kiloqramlı əşya var idi. İki gün meşənin içi ilə gedib Xocavəndin dağlarını adladıq və Şuşanın ətrafına qalxdıq. Şəhərlə üzbəüz dağın üstündə idik. Daşaltı kəndi bizdən aşağıda idi. Orada 2-3 gün gözlədik. Qarşımızda Şuşanın gözəl mənzərəsi canlanırdı.Gizlin, kəşfiyyat yolu ilə gəlmişdik. Ermənilər yalnız 3-4 gündən sonra xəbər tutdular ki, həmin ərazilər bizdədir. Ondan sonra oranı artilleriya ilə atəşə tutmağa başladılar. O zaman biz Şuşanın girişinə keçdik.

Şuşanın dağları çox sərt idi. Kolluqlardan tuta-tuta qalxırdıq. Daş bəzən ayağımızın altından çıxıb, bizdən arxada gələnin üstünə düşürdü. Yeməyimiz də qurtarmışdı, 3-4 gün ac və susuz qaldıq. Biz meşə yolu ilə gəlmişdik, təminat isə kəndiçi çıxmalıydı. Ermənilər nə gəlirdisə raketlə vururdular. Hətta meşəni bir dəfə yandırdılar. Daşaltı kəndinin ətrafını tüstü bürümüşdü. İstəyirdilər ki, tüstüdən, dumandan heç nə görməyək. Onlar bütün gücü Şuşanın Daşaltı və aşağı istiqamətinə yığmışdılar. Biz isə Laçın yoluna keçib, Xankəndinin kənar istiqamətindən Şuşaya hücum etdik.
 
 

Biz ora gedəndə səhv etmirəmsə, noyabrın 5-i idi. Ayın 6-dan döyüşlər başladı. Bir hissə Şuşanın içinə girdi, digər hissə isə ətrafları nəzarətdə saxladı ki, şəhərdə vuruşanlar mühasirəyə düşməsin. 3-4 istiqamətdə döyüşlər gedirdi. Düşmən ağır artilleriyadan, toplardan, raketlərdən istifadə edirdi. Hətta tankdan da atırdılar. Biz isə üstümüzdə götürdüyümüz silah-sursatla hücuma keçmişdik. Şuşanı heç cür vermək istəmirdilər. Bütün qüvvələrini ora cəmləmişdilər. Daşaltı kəndində 3, Şuşanın özündə isə 4 gün döyüş getdi. Ayın 8-i Şuşa azad olundu. Oradan Xankəndinə düşməyi və oranı düşməndən almağı planlaşdırmışdıq. Noyabrın 10-u səhər saatlarında bizə rabitə ilə əmr gəldi ki, düşmən ağ bayraq qaldırıb və döyüşlər dayandırılır.

Noyabırın axırına qədər Şuşada qaldıq. Müharibə bitəndən sonra iki gün dayanmadan yağış, qar yağdı. Sanki təbiət də bizə döyüşmək üçün möhlət vermişdi”.

Müharibədə elə anlar olub ki, həmsöhbətimiz həmin günləri ömrünün sonuna qədər unutmayacağını söyləyir:

"Acı qaldığımız günlərimiz oldu. Döyüş yoldaşlarımdan yanımda şəhid olanlar var idi. Təsəvvür edin, minomyotlar, raketlər başının üstündən hara gəldi düşür. Bir tərəfdən də döyüş yoldaşın ağır yaralınıb və sən onu xilas etməlisən. Elə bir vəziyyət idi ki, yadına nə yemək, nə də yuxu düşürdü. Günlərlə yatmırdıq. Heç yadımıza düşmürdü ki, biz niyə yatmırıq? Bir yoldaşım neytral ərazidə əlindən və qarnından snayper gülləsi ilə yaralanmışdı. Onu 20 kilometr arxaya çəkdim. Qəribədir ki, çoxu da gülərüzlə şəhid olurdu. Bir yoldaşımızı snayper başından vurdu, şəhid oldu. Elə gülərüz formasında da qaldı.



Noyabrın 10-u müharibə bitmişdi, amma biz hələ də özümüzdə deyildik. Sanki havalı idik. Yuxusuzluq, aclıq, o boyda müharibənin alovundan çıxmaq öz sözünü deyirdi. Bir müddət sonra beynimizdəki dumanlar çəkildi, özümüzə gəldik”.

Daha sonra Paşanın komandiri, baş leytenant Elnur Həbibov müsahibimizlə bağlı fikirlərini bölüşüb:

"Paşa həqiqətən qorxmaz əsgərdir. Füzulinin Seyidəhmədli kəndi istiqamətində qamışlığa yığışmışdıq. Düşmən isə dayanmadan ağır artilleriyadan atırdı. Bizə hər dəfə "Vətən uğrunda irəli" komanadası gəlirdi və gedib döyüşürdük. O istiqamətdə olan zaman gördüm ki, Paşa yanımda yoxdur. Əsgərlərdən harada olduğunu soruşdum, dedilər ki, silahını götürdü və qabağa keçdi. Allaha yalvardım ki, tapşırıqdan sağ- salamat qayıtsın. Qayıdıb gələndə ondan niyə belə etdiyini soruşdum. Bildirdi ki, "fiziki görkəmimə görə ən cüssəliyəm, istəyirəm əsgərlərə ruh yüksəkliyi olsun deyə qabaqda gedim”. Daha sonra cibindən kağız çıxardı .Gördüm ki, orada Ayətul-kürsü duası yazılıb. Dedi, bunu oxuyub döyüşürəm”.
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

02 May 2024
18:45

İPL: Ayın ən yaxşı oyunçusu mükafatına namizədlər bilindi

18:30

“Prezident Kuboku 2024”: Azərbaycanlı cütlük reqatada 3-cü oldu

18:13

Kərim Benzema "Real"ın bazasında

17:50

Yüksək Liqada mövsüm yekunlaşdı

17:29

Üç mövsüm sonra A Seriyasına qayıtdılar

16:57

KL: "Aston Villa" "Olimpiakos"u, "Fiorentina" "Brügge"ni qəbul edir - YENİLƏNİR

16:39

"Cavab matçında azarkeş amili bizim tərəfimizdə olacaq" - Luis Enrike

16:21

İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçirildi

16:02

"Real" Marselonun oğlu ilə müqavilə yenilədi

15:43

"Bu, yaxşı fürsətdir" - Edin Terziç

15:26

"Əlbəttə, "Uembli"dəki finalda olmaq istəyirik" - Hummels qələbəni dəyərləndirdi

15:07

“Prezident Kuboku 2024”: Azərbaycan avarçəkəni qızıl medal qazandı

14:50

PSJ bu mövsüm belə duruma düşməmişdi

14:32

Əşrəf Hakimi "Borussiya"ya məğlubiyyətin səbəbini dedi

14:13

Almaniya Çempionlar Liqasında əlavə yer aldı

13:55

"Möhkəm olmalıyıq" - PSJ-ni məyus edən hücumçu

13:34

"Barselona" mövsümün sonunda bu futbolçunu alacaq

13:15

Ranqnik "Bayern Münhen"in baş məşqçisi olacaq? - Özü dedi

12:56

Azərbaycanın U-17 millisi Belarusla üz-üzə

12:39

Konte özünü ingilis klubuna təklif etdi

12:20

ÇL: Həftənin ən yaxşı qolu hansı olacaq?

12:02

Klublar Komitəsinin növbəti iclası keçirildi - FOTOLAR

11:47

ÇL: Həftənin ən yaxşısı adına namizədlər bilindi

11:29

Kənan Kərimov "İmişli" üzərində qələbəni şərh etdi: "Matçın əvvəlindən bilinirdi ki..."

11:08

"Traktor" Təbrizdə liderdən xal aldı

10:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

10:31

AL: "Roma" "Bayer"in məğlubiyyətsizliyinə son qoya biləcək? - YENİLƏNİR

10:08

PSJ-ni Almaniyada belə məyus etdilər - VİDEO

09:47

Yüksək Liqada mövsümə yekun vurulur

09:25

Ronaldu "Əl-Nəsr"i finala daşıdı

09:00

PSJ "Siqnal İduna Park"ı Mbappesiz tərk etdi - SƏBƏB

00:54

ÇL: PSJ Almaniyada uduzdu

01 May 2024
22:30

Minifutbol: Millimiz beynəlxalq turnirin qalibi oldu

21:14

İngiltərə klubu 18 yaşlı türkü 15 milyon avroya istədi

21:00

"Barselona" iki futbolçunu hədəfə alıb - ADLAR

20:20

Buffon bu matçın təkrar keçirilməsini istəyir: "Hər şey başqa cür ola bilərdi"

19:57

"Difai Ağsu" "Mingəçevir"i meydana çıxdığına peşman etdi

18:45

Osimhen bu iki klubdan birinə keçəcək - SON DURUM

18:10

AFFA-nın vitse-prezidenti AÇ-2024-ə təyinat aldı

17:50

"Arsenal" ulduzunu bu qiymətə satmağa qərar verdi

Facebookdan bizi izləməyi unutmayın.
X