"Olimpiya Oyunlarında boksçularımıza qarşı hakim haqsızlığı yox idi".
Bunu Fanat.Az-a boks hakimi Fuad Aslanov deyib.
Beynəlxalq dərəcəli ədalət təmsilçisi daha çox danışılan Tayfur Əliyev və Cavid Çələbiyevin döyüşləri ilə bağlı fikrini belə əsaslandırıb: "Tayfurla Vyetnam boksçusu ilk iki raundu bərabər səviyyədə keçirmişdi. Üçüncü hissədə dəqiq zərbələr baxımından fərq olmasa da, rəqib daha aktiv təsir bağışlamışdı. Belə olduqda, hakimlərin daha hərəkətli görünən tərəfi qalib seçməsində qeyri-adi nəsə yoxdur.
Cavidin ilk raundda kiçik üstünlüyü var idi. Hakimlər doğru qərar qəbul etmişdilər. İkinci hissədə demək olar ki, bərabər döyüş getdi, ancaq minimal üstünlük rəqibə verildi. Üçüncü raundda isə etiraf etmək lazımdır ki, Çələbiyev iki-üç xal geri qalırdı".
Afina 2004-ün bürünc mükafatçısı digər üç təmsilçimizin məğlub elan edilməsinin müzakirə mövzusu olmadığını bildirib.
Qeyd edək ki, Tokio 2020-yə 5 boksçu(hamısı kişi) ilə qatılan Azərbaycan millisi yarışları 1 medalla başa vurub. 81 kiloqram çəki dərəcəsində mübarlzə aparan Alfonso Dominqes ölkəmizə Yay Olimpiya Oyunlarının bürünc mükafatını qazandırıb.
Sahib Əsədbəyli