16:11 06.05.2022 614

"Dünya çempionatında "qızıl" ümidimiz tək Səid Mollayi deyil" - MÜSAHİBƏ

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

29 aprel - 1 may aralığında Bolqarıstanın paytaxtı Sofiyada cüdo üzrə növbəti Avropa çempionatı keçirildi. 40 ölkədən 361 (207 kişi, 154 qadın) idmançının iştirakı ilə baş tutan qitə birinciliyinə Azərbaycan yığması kişilərdə maksimum sayda - 9, qadınlarda cəmi iki cüdoçu ilə qatılmışdı.

Yekun nəticədə, millimiz yarışı 1 qızıl, 2 bürünc medalla başa vurdu. Yeganə baş mükafata Hidayət Heydərov (73 kq), bürünc medallara isə Rüstəm Orucov (73 kq) və Məmmədəli Mehdiyev (90 kq) sahib çıxdı. Bununla, ölkəmiz ümumkomanda hesabında 8-ci, kişilərin sıralamasında isə 4-cü yeri tutdu.

Fanat.Az millinin qitə çempionatındakı çıxışını Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu ilə müzakirə edib. Qurum rəsmisi həmçinin, digər məsələlər barədə suallarımızı cavablandırıb.

- Rəşad bəy, Avropa çempionatı ACF-nin yeni rəhbərliyinin ilk ciddi sınağı kimi də qəbul olunurdu. Bir qızıl, iki bürünc medal gözləntiləri hansı ölçüdə qarşıladı?
- Bu, bizim üçün yaxşı nəticədir. Püşkatmadakı reytinq sisteminə əsasən, Hidayətlə Rüstəmin yollarının finaladək istənilən halda, kəsişəcəyini nəzərə alsaq, biz 73 kiloqram çəki dərəcəsində maksimum nəticə göstərdik. 90 kiloqramda bürünc medalçı Məmmədəli Mehdiyevdən daha yaxşı nəticə - "qızıl" gözləyirdik. Onun özü də yarışa çempionluq üçün yollandığını bildirmişdi. Lakin elə alındı ki, "bürünc"lə kifayətlənəsi oldu. Daha üç cüdoçumuz isə 5-ci yeri tutdu. Başqa sözlə, kişilərdən ibarət yığmanın 9 üzvündən 6-sı medallar uğrunda mübarizə apardı. 60 kq və 66 kiloqram çəkilərdəki cüdoçularımız böyüklər arasında Avropa çempionatına ilk dəfə qatımaqlarına baxmayaraq, kifayət qədər yüksək səviyyəli döyüş nümayiş etdirdilər. Aparıcı idmançıların yoxluğunda heyətə cəlb olunan bu gənc cüdoçuların döyüşü gələcəyə ümidlə baxmağa əsas verdi. Bildiyiniz kimi, dünya və Avropa mükafatçıları Kəramət Hüseynov (60 kq), Orxan Səfərov (66 kq) və Zelim Kotsoyev (100 kq) zədə səbəbindən yarışda iştirak etmirdilər. Bütün bunları nəzərə alsaq, Avropa çempionatından yaxşı nəticə ilə qayıtdığımızı deyə bilərik.

- Bu, həmçinin Rixard Trautmanın təyinatından sonra yığmanın qatıldığı ilk böyük yarış idi. Sofiyada yeni baş məşqçi işi özünü hansı yöndən göstərdi?
- Məşqçilər heyətinin işi artıq görülməkdədir. İnanırıq ki, bu komanda gələcəkdə daha yüksək nəticələrə imza atacaq.

- Ümumilikdə uğursuzluqla yadda qalan Tokio-2020 Yay Olimpiya Oyunlarından sonra bu, yığmanın ilk ciddi sınağı idi. Son dünya və Avropa çempionatlarının nəticəsi də qənaətbəxş olmayıb. Belədə, Bolqarıstanda əldə olunan nəticənin komandadakı özünəinamı bərpa edəcəyini söyləmək olar?
- Kişilərdən ibarət yığma son Olimpiadada medalsız qalsa da, federasiyanın əvvəlki rəhbərliyinin dövründə də cüdonun inkişafı üçün önəmli addımlar atılıb. Rio Olimpiadasında, dünya və Avropa çempionatlarında medallar qazanılıb. Yəni əvvəlki nəticələr barədə mənfi fikir söyləmək fikrindən uzağam. Ancaq təbii ki, iki illik fasilədən sonra qızıl medalın əldə olunması, üstəlik, öncə də dediyim kimi, gənc idmançıların inamlı çıxışı bizi gələcəyə ümidlə baxmağa sövq edir. 

- Millinin tanınmış üzvlərindən Olimpiya Oyunlarının, dünya və Avropa çempionatlarının mükafatçısı Elmar Qasımov qitə çempionatında beşinci oldu. Daha əvvəl isə Antalyada bürünc medal qazanmışdı. Artıq demək olarmı ki, təcrübəli idmançı əvvəlki hazırlıq səviyyəsinə qayıdıb?
- Elmar dekabrdan mütəmadi olaraq, yığmanın məşqlərinə qatılır. Nizam-intizamı tam qaydasındadır. Sofiyada mükafata layiq yer tutmasa da, döyüşü, mübarizə əzmi ilə yaxşı təsir bağışladı. Elmar Qasımov elə bir idmançıdır ki, istənilən Olimpiya, dünya çempionuna qalib gələ bilər. Düşünürük ki, o, hələ son sözünü deməyib. Ümumiyyətlə, Elmar kimi təcrübəli idmançının yığmada olması 90-dan tutmuş 100-dən ağır çəkiyədək bütün cüdoçular üçün üstünlükdür. Həmçinin digər çəkilərdəki gənc idmançılar onun praktikasından yararlanırlar.

- Rəşad bəy, vurğuladığımız kimi, son Olimpiadanın yekunu uğurlu olmasa da, Tokio-2020 Azərbaycan üçün rekord sayda - 9 lisenziya ilə əlamətdar idi. Kişilər ilk dəfə olaraq Oyunlara tam heyətlə qatılmışdı. Sizin Paris-2024 ilə bağlı qarşıya qoyduğunuz hədəf neçə lisenziyadır?
- Kişilərdə hədəf bütün çəki dərəcələrində vəsiqə qazanmaqdır. Hazırkı reytinqə nəzər salsaq, görərik ki, buna bizim yetərincə imkanımız var. Qadınlarda isə 48, 52 kiloqram çəkilərdə vəsiqələrin əldə olunmasına ümid edirik. 

- Başqa sözlə, hədəf Tokiodakı rekordun təkrarlanmasıdır? 
- Minimum hədəf bundan ibarətdir. 

- Belədə, yığma yenə komanda yarışından kənarda qalmalı olacaq. Ola bilərmi ki, qarşıda qadınların yuxarı çəki dərəcələrində milliyə əcnəbi idmançılar cəlb edilsin?
- Bu gün üçün belə bir planımız yoxdur. Lakin istisna hal deyil. Milliləşdirmə məsələləri vaxt, ətraflı götür-qoy tələb edən işdir. Yığmaya cəlb edəcəyimiz idmançı gərək yerlilərdən ən azı iki dəfə üstün olsun.

- Milliləşdirmədən söz düşmüşkən, artıq İran və Monqolustan millilərinin keçmiş üzvü, Olimpiya mükafatçısı və dünya çempionu Səid Mollayi yığmamızda çıxış edəcək. 30 yaşlı idmançıdan gözləntiləri açıqlaya bilərsiniz?
- Bilirsiniz ki, 81 kiloqram çəki dərəcəsi problemli çəki hesab edilirdi. Bu çəkidə çoxsaylı ümidverici idmançılarımız olsa da, təəssüf ki, yüksək səviyyəli yarışlarda Olimpiya çempionumuz Elnur Məmmədlidən sonra mükafat qazanan olmamışdı.

Səid Mollayi milli komandada çıxış etmək üçün Azərbaycan Cüdo Federasiyasına (ACF) müraciət etdi. Bundan sonra biz onun mövcud hazırlıq vəziyyətini dəyərləndirmək üçün Bakıya dəvət etdik. Səid yığmanın Avropa çempionatına hazırlıq məqsədi ilə keçirilmiş təlim-məşq toplanışına qatıldı. Cüdoçu, həmçinin, tibbi müayinələrdən keçirildi. Beynəlxalq Cüdo Federasiyası (IJF) ilə məsləhətləşmələr aparıldı və nəhayət, mayın 2-də rəsmi razılıq alındı.

Səid 81 kiloqram çəki dərəcəsində dünyanın aparıcı cüdoçularından hesab edilir və onun milli komandamıza qatılmağı ilə bu problemi qısa müddət üçün aradan qaldırmağı hədəfləyirik. Eyni zamanda, hesab edirik ki, Səid kimi intizamlı və zəngin təcrübəyə malik idmançının yığmada olması 81 kiloqram çəki dərəcəsində rəqabəti artırmaqla yanaşı, istedadlı və gənc idmançılarımızın inkişafına da müsbət təsir göstərəcək. 

- İlin təqvimində daha iki mötəbər yarış var. Bunlardan biri Türkiyədə İslam Həmrəyliyi Oyunları, digəri Özbəkistanda dünya çempionatıdır. Yerli idman həvəskarları ələlxüsus mundialı səbirsizliklə gözləyir. Nəzərə alsaq ki, Elxan Məmmədovun ilk və yeganə dünya çempionluğundan artıq 9 il keçir, qızıl medalın qazanılması xüsusilə arzulanandır. Səid Mollayi kimi titullu bir idmançının yığmaya cəlb olunması mundialla bağlı hədəflərə nə dərəcədə təsir edəcək?
- Beynəlxalq Cüdo Federasiyasının yeni qaydalarına əsasən, idmançı çıxış etdiyi ölkəni dəyişərkən əvvəllər olduğu kimi, onun reytinq xalları sıfırlanmayacaq. Bu qaydaya əsasən, Səid Mollayi hazırda malik olduğu reytinq xallarını qoruyub saxlayacaq. O, hazırda 81 kiloqram çəki dərəcəsində dünya reytinqində 7-ci yerdə gedir. Dünya çempionatınadək dövrü yarışlara da qatılıb reytinqini artırmaq imkanı var. İstənilən halda, cəmi 9 ay öncə Olimpiadanın finalına yüksəldiyini nəzərə alsaq, mundialda əsas favoritlərdən biri olacaq. Səid kifayət qədər usta cüdoçudur. Bildiyiniz kimi, o, əslən azərbaycanlıdır. Özü də bildirib ki, Azərbaycan yığmasında çıxış etmək onun çoxdankı arzusu olub. Odur ki, biz onun tezliklə Azərbaycan bayrağı altında da sözünü deyəcəyinə çox inanırıq. Ancaq dünya çempionatında bizim qızıl medal ümidimiz tək o deyil. Kəramət Hüseynov, Orxan Səfərov, Hidayət Heydərov, Rüstəm Orucov, Məmmədəli Mehdiyev və ya digər bir idmançımız da bunu bacara bilər. Cüdoda nəticəni proqnozlaşdırmaq çox çətindir bilirsiniz ki.

- Konkret olaraq qarşıdakı dünya çempionatında qızıl medalın əldə olunması nə dərəcədə prioritetdir?
- Dünya çempionatı bizim üçün ilin əsas yarışıdır. İslam Həmrəyliyi Oyunları ilə aralarında zaman fərqi az olduğundan, ola bilsin ki, biz həmin yarışa ikinci heyəti göndərdik. Ancaq deyim ki, bizim ikinci heyət də İslamiadada yetərincə sözünü deyəcək gücdədir. 

Dünya çempionatı ilə bağlı hələlik qarşıya konkret məqsəd qoyulmayıb. Amma, əlbəttə, maksimum uğurlu nəticələrə ümid edirik.

Sahib Əsədbəyli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

11 May 2024
23:11

"İnanmırdım ki, Əliyar qərarını dəyişsin"

22:40

"Bərk komandaya qarşı oynadıq" - Qurban Qurbanov

21:30

MPL: "Turan Tovuz" Bakıda qalib gəldi, "Zirə" "Qarabağ"a uduzdu

21:20

"Oyun başlayandan nəzarətimizdə idi" - Ayxan Abbasov

21:05

Elmar Baxşıyev "Turan Tovuz"a məğlubiyyəti şərh etdi

20:10

Azərbaycan taekvondoçusu Avropa çempionu oldu

19:39

Krivotsyukun komandası səfərdə xal itirdi

18:45

A Seriyasında ayrılıq qərarı - "Sona 3 tur qalmış başa düşdüm"

17:55

Azərbaycan cüdoçuları Polşada bürünc medal qazanıblar

17:28

Rahil Məmmədov oynadı,  komandası...

17:00

"Neftçi" ilə matça çox vacib oyunçular olmadan çıxmışdıq" - "Kəpəz"in qapıçısı

16:11

İtaliyada ayın ən yaxşısı bilindi

15:30

"Hakimlər qələbəmizi əlimizdən aldılar" - Rüstəm Məmmədov

14:58

"Fənərbağça"nın qoleadoru tarixə düşəcək - Bu təklifə "hə" desə

14:22

“Böyük Dəbilqə”: Azərbaycan cüdoçusu yarımfinala yüksəldi

14:01

"Panathinaikos" Fateh Terimi göndərib bu türk məşqçini gətirir

13:32

Ozan Can mövsümü qolla başa vurdu

13:00

Həbib Nurməhəmmədovun 300 milyon borcu üzə çıxdı

12:25

Polşalı hakim AÇ-nin açılış oyunundan uzaqlaşdırıldı - ÇL-dəki səhvə görə

11:56

"Böyük Dəbilqə": Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə qoşulacaq

11:22

İcraiyyə Komitəsinin iclasının vaxtı və gündəliyi bilindi

11:09

Konfrans Liqasının finalı Macarıstanda keçirilə bilər - SON DURUM 

10:45

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:21

"Real" üçün bu oyunda çempionluq dəhlizi açılacaq, amma... 

09:56

Azərbaycan taekvondoçusu AÇ-də bürünc medal qazandı

09:00

Mbappe PSJ-dən gedişini şəxsən elan etdi

10 May 2024
22:10

“İlk qoldan sonra “Neftçi”yə layiq tərzdə oynadıq”

21:45

Adil Şükürov "Neftçi"yə məğlubiyyəti şərh etdi

20:52

MPL: "Neftçi" "Kəpəz"ə rəhm etmədi 

20:28

"Amma bu, "Real"dır axı" - Tyerri Anri

19:42

"Real Madrid" Çempionlar Liqasını qazansa, "Borussiya"ya pul ödəyəcək

19:25

Mate Kvirkviya mükafatlandırıldı

19:00

"Barselona" bu iki oyunçu arasında seçim edəcək

18:20

Mourinyu peşmandır: "Belə fürsət olsa, qaçırmayacam"

17:50

Niderlandlı vinger Fransa nəhənginə qayıtmaq istəmir

17:31

"Çelsi" Osimhenin transferindən imtina etdi - SON DURUM

17:10

Elvin Avropa çempionu oldu

16:51

"Təəssüf ki, avtoqol bizi cəzalandırdı" - Leandro Paredes

16:33

Lunyov Rusiya mətbuatına açıqlama verdi - "Hər şeyin öz vaxtı var"

16:15

"Finalda onlara azarkeşlik edəcəm" -  Yürgen Klopp

Facebookdan bizi izləməyi unutmayın.
X