"Sumqayıt" klubunun əsas komandasının baş məşqçisi Samir Abasov İspaniyada təcrübədədir.
Fanat.Az "Gənclik şəhəri" təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bir neçə gün öncə Madridə yollanan Samir Abasov əvvəlcə burada "Real" ilə "Barselona" arasındakı "El-Klasiko"nu izləyib.
Növbəti gün Barselonaya yola düşən baş məşqçimiz burada bir həftəlik təcrübə keçəcək. "Barselona" klubunun məşqlərini izləyən çalışdırıcı Kataloniya təmsilçisinin məşqçisi Oskar Ernandes və bir sıra digər yerli mütəxəssislərlə bir araya gəlib, fikir mübadiləsi aparıb.
Təcrübə proqramının sonunda onun "Barselona"nın baş məşqçisi Xavi Ernandeslə də görüşü nəzərdə tutulub.
Qeyd edək ki, bu səfərdə Samir Abasovu klubun fiziki hazırlıq üzrə məşqçisi Gerard Martines müşayiət edir.