
UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsində Sofiya ÇSKA-sı ilə üz-üzə gələcək "Qarabağ"ın heyəti ilə bağlı son vəziyyətə aydınlıq gəlib.
Ağdam təmsilçisinin mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, "köhlənlər"in sıralarında cəzalı oyunçu yoxdur.
Zədədən sonra bərpa prosesi keçən futbolçuların - mərkəz müdafiəçisi Bəhlul Mustafazadə ilə hücumçu Musa Qurbanlının hazırda fərdi çalışmalarla kifayətləndiyi bildirilib.
"Qarabağ" - ÇSKA görüşü iyulun 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Cavab görüşü isə 1 həftə sonra Sofiyada reallaşacaq.
Ağdam təmsilçisi AL-in 1-ci təsnifat mərhələsində İslandiyanın "Vestri" komandasını hər iki dueldə 3 cavabsız qolla yenərək mübarizədən kənarlaşdırıb.
Toğrul