
Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov UEFA Millətlər Liqasının D Liqasının 2-ci qrupunda sabah Litva seçməsinə qarşı keçirəcəkləri oyun ərəfəsində fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, 45 yaşlı mütəxəssis Bakıda baş turacaq matçdan öncə təşkil edilən mətbuat konfransında belə danışıb:
"Artıq bir-birimizi yaxşı tanıyırıq. Əzmkar komandaya qarşı oynayacağıq. Qısa müddətdə dördüncü oyunumuza çıxacağıq. Təəssüf ki, son qarşılaşmada qələbə qazana bilmədik. Futbolçularla söhbətimiz oldu. Sabah daha yaxşı oynamaq məcburiyyətindəyik. Futbolçulara inanıram. Uşaqlar Lixtenşteynlə maçtdan sonra çox məyus idilər. Bunu unutmalı və Litvaya qarşı mübariz oyun sərgiləməliyik".
Abbasov komandanın tənqid olunmasına münasibət bildirib:
"Millidə oynamaq, çalışmaq böyük təzyiqdir. Bunlara tab gətirməlisən. Son matçdan sonra futbolçuların hər biri ilə təkbətək söhbət etmişik. Milli karyeraları yeni başlayan var. Onlara da vaxt lazımdır. Bir oyunla hər şey bitmir. Qrup lideri olmaq istəyirik".
Xatırladaq ki, Azərbaycan - Litva oyunu oktyabrın 4-də, saat 17:00-da 8-ci km qəsəbə stadionunda keçiriləcək.