"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Olimpiakos"un yeni transferi Xames Rodriges millinin düşərgəsindən zədəli qayıdıb.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, Meksika yığmasına 3:2 hesabı ilə qalib gəldikləri yoldaşlıq matçında baldır nahiyyəsindən xəsarət alan vinger bu həftə məşq edə bilməyəcək.
Ulduz oyunçu oktyabrın 2-də "Atromitos"a qarşı Yunanıstan Super Liqasının VI tur matçını buraxacaq.
Hərçənd o, daha uzun müddətə yaşıl meydanlardan kənarda qala bilər. Həkimlərin rəyinə əsasən, hər şey oyunçunun bərpa prosesinin necə gedəcəyindən asılı olacaq.
Qeyd edək ki, oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Xames Rodriges "Qarabağ"la matça qədər zədəsini sağaltsa belə, sifariş edilmədiyi üçün təmsilçimizə qarşı oynamayacaq.