
Bakıda Beynəlxalq Cüdo Federasiyası (BCF) Akademiyasının cüdo məşqçiliyi üzrə 150-ci proqramının iştirakçılarına sertifikatların təqdimolunma mərasimi keçirilib.
Fanat.Az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası (ACF) məlumat yayıb.
Tədbirdə Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, Milli Olimpiya Komitəsinin Beynəlxalq Proqramlar İdarəsinin direktoru Ceyhun Rəhmanov, ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu, federasiya prezidentinin müşaviri Natiq Bağırov və BCF Akademiyasının rəhbərliyi iştirak ediblər.
Mərasimi giriş sözü ilə açan Rəşad Rəsullu proqramın Azərbaycanda keçirilməsinə göstərilən dəstəyə görə BCF prezidenti Marius Vizerə, BCF Akademiyasının rəhbərliyinə, eləcə də yerli tərəfdaşlara və ekspertlərə təşəkkürünü bildirib. O, məşqçi hazırlığı və təhsil proqramlarının ACF-in inkişaf strategiyasının əsas istiqamətlərindən biri olduğunu vurğulayıb, eləcə də iştirakçılara qarşıdakı imtahanlarda uğurlar arzulayıb.
Elnur Məmmədov və Ceyhun Rəhmanov isə çıxışlarında peşəkar məşqçi hazırlığının inkişafında beynəlxalq təhsil proqramlarının əhəmiyyətindən danışıblar. Belə təşəbbüslərin yerli mütəxəssislərin bilik və təcrübəsinin artırılmasına, eləcə də cüdoda müasir yanaşmaların tətbiqinə töhfə verdiyini bildiriblər.
Sonda proqrama qatılan məşqçilərə iştirakçı sertifikatları təqdim olunub.
Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun və Gənclər və İdman Nazirliyinin dəstəyi, Milli Olimpiya Komitəsi ilə Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı əsasında ölkəmizdə altıncı dəfə keçirilən proqrama Azərbaycanla yanaşı, Hindistan, Tacikistan, Cibuti, Niderland, Finlandiya, ABŞ və Rusiyadan ümumilikdə 62 nəfər qatılıb.