
"Neftçi"nin Baş İcraçı direktoru klubun mətbuat xidmətinə müsahibə verib.
Fanat.Az Cenk Sümerin müsahibəsini təqdim edir:
– Cenk bəy, artıq yeni mövsüm başladı. Fasilə dövründə klubun transfer siyasətini və komandanın hazırlıq prosesini necə dəyərləndirirsiniz?
– Əvvəlcə onu qeyd edim ki, UEFA Konfrans Liqasında Minsk “Dinamo”su ilə görüşlərin nəticəsi hər birimizi məyus etdi. Əlbəttə, avrokuboklarda irəliləmək istəyirdik, lakin kiçik detalların və müəyyən mənada bəxtsizliyin qurbanı olduq. İlk matçda adi səhvlərdən gözlənilməz qollar buraxdıq. İkinci oyunda toparlanıb fərqi aradan qaldırmağa hazır idik, lakin rəqib intizamlı müdafiə olundu, müdafiəni yarmaq mümkün olmadı və əlimizə düşən imkanlardan yararlana bilməyərək mübarizəni dayandırdıq. Buna görə azarkeşlərimizdən üzr istəyirik.
İndi artıq diqqətimizi Azərbaycan Premyer Liqası və Azərbaycan Kuboku oyunlarına yönəltmişik. Hər iki turnirdə yüksək hədəflər uğrunda əzmlə mübarizə aparacağıq.
Transfer siyasətimizə gəlincə, mütləq vurğulamalıyam ki, son bir neçə ayda futbol departamenti və skaut qrupunu yenidən strukturlaşdırmışıq. Bu yenidənqurma oyun modelimizə uyğun futbolçuların tapılmasından seçilməsinə, heyətimizə qatmaq istədiyimiz oyunçuların detallı izlənilməsindən baş məşqçiyə təqdim olunmasına qədər böyükmiqyaslı bir işdir. Oyunçu izləmə platformalarının sayı artıb, şəbəkə genişləndirilib. Səhvləri minimuma endirmək üçün əlimizdən gələni edirik.
Ötən mövsüm başa çatdıqdan sonra komanda və heyət hərtərəfli təhlil edildi. Bu, yalnız son 1-2 ayı deyil, bütöv mövsümü, hətta daha əvvəlki dövrü əhatə edən dərin bir təhlil idi. Baş məşqçimizlə birgə transfer ehtiyaclarını və gücləndirilməli olan mövqeləri dəqiqləşdirdik. Oyun modelimizə və baş məşqçinin tələblərinə uyğun futbolçular müəyyən edildi. Düşünürəm ki, hazırda uğurlu transfer dönəmi keçiririk.
– Yeni gələn futbolçuların uyğunlaşması üçün vaxt lazımdır, bu barədə komandamızın baş məşqçisi Yuri Vernidub da müsahibəsində demişdi. Bəs bu transferlərin reallaşması necə baş verdi?
– Hər transfer bir hekayədir. Hər futbolçu bir fərd olduğu üçün karyerasına, həyata yanaşması fərqli olur. Bəzən danışıqlar uzun çəkir, bəzən qısa. Amma istənilən transferin arxasında dayanan ilk və ən vacib məsələ klubun özünün həyata keçirdiyi layihəyə inanması və cəlb etmək istədiyi futbolçunu da buna inandırmasıdır.
Ayrı-ayrılıqda qeyd etsək, Qustavo Klisman Portuqaliya Premyer Liqasından gələn, fərqli keyfiyyətlərə malik yüksək səviyyəli futbolçudur. Son illərdə bu ölkədən Azərbaycana gələn oyunçuların sayı çoxalıb, amma Premyer Liqadan futbolçu gətirmək hər dəfə alınmır. Düşünürəm ki, bu bizim uğurumuzdur.
Endryu Qravilyon, mübaliğəsiz deyə bilərəm ki, Avropa səviyyəli oyunçudur. Onun qitənin iddialı liqalarından təklifləri var idi, lakin biz onu layihəmizə inandıra bildik.
Lyubomir Tupta Slovakiya millisinin üzvüdür. Azərbaycan Premyer Liqasında bu səviyyədə oyunçuların sayı azdır. Hazırda uyğunlaşma prosesi keçir və ən yaxın zamanda komandaya ciddi xeyirinin dəyəcəyinə inanıram.
Rüfət Abbasov – öz yetirməmizdir, qürurumuz olacaq və ölkəmizi Avropada layiqincə təmsil edə biləcək potensiala malikdir. Onun transferi həm bu günümüzə, həm də gələcəyimizə yatırılan investisiyadır. Yeri gəlmişkən, daha bir yetirməmiz – yayda Kiprin “Pafos” klubuna keçən Murad Məmmədov da bugünlərdə avrokuboklarda fərqləndi. Komandası mərhələ adlaya bilməsə də, gənc futbolçumuzun yavaş-yavaş əsas silahlardan birinə çevrilməsi bizi qürurlandırmaqla yanaşı, “Neftçi” akademiyasının da yüksək səviyyəli işindən xəbər verir.
O ki qaldı son transferimiz Alen Şkribekə, düşünürəm ki, azarkeşlərimiz onu izləyiblər və hansı keyfiyyətlərə malik olduğunu görüblər. Macarıstan çempionatının hazırda ən yüksək dinamika ilə inkişaf edən futbolçularından birini heyətə qatmaq asan məsələ deyil. Onu mart ayından izləyirdik, klubu və özü ilə çoxdan təmasda idik və nəticədə bu transferi reallaşdırdıq.
– Klub bəzən transferlərin azlığına, yaxud gecikməsinə görə tənqid olunur. Buna münasibətiniz necədir?
– Azarkeşləri anlayıram, onlar komandaları üçün ən yaxşısını istəyirlər. Amma biz də bunu istəyirik və güclənmək üçün əlimizdən gələni edirik. İstənilan halda, məhsuldar transfer dönəmi keçirdiyimizi düşünürəm. Adını çəkdiyimiz bütün futbolçuların komandaya cəlb edilməsinin arxasında skaut qrupumuzun, futbol departamentinin və məşqçi heyətinin aylarla sürən gərgin əməyi dayanır. Ola bilsin ki, yeni gələnlərlə birgə bu yay Avropada istədiyimiz nəticələri əldə edə bilmədik, lakin gündəlik məşq prosesindən və aparılan təhlillərdən görürük ki, komanda inkişaf edir və bunun müsbət nəticələri özünü qısa zamanda göstərəcək.
Unutmayaq ki, ötən mövsümün əvvəlində biz komandanın demək olar 80%-i dəyişdik. Bu qədər ciddi islahatlardan sonra futbolçuların ölkəyə, komandaya və bir-birinə uyğunlaşması vaxt almalı idi, aldı da. Bu il isə heyətin böyük hissəsi ilə yolumuza davam edirik, transferlərimiz “nöqtə atışlarıdır”, rəqabəti və keyfiyyəti artırmağa hesablanıb. Tutduğumuz yol budur.
– Bundan sonra da yeni futbolçuların gəlişi gözlənilirmi?
– Əlbəttə, “Neftçi”də transfer işi heç vaxt bitmir. Bu, fasiləsiz və daimi bir prosesdir. Ümumiyyətlə, optimal heyəti formalaşdırmaq və sistem oturtmaq üçün 1 deyil, 2, 3, hətta bəzən 4 transfer dönəmi tələb olunur. Unutmayaq ki, 1 il ərzində transfer pəncərəsi 3 dəfə açılır və biz 12 ay boyunca fasiləsiz çalışırıq. Bu prosesdə səbirli olmaq çox önəmlidir, çünki futbolçu transferi irili-xırdalı bir çox aspekti olan mürəkkəb prosesdir.
Mən deyərdim ki, biz qısa müddətdə 5 deyil, faktiki olaraq 7 transfer etmişik. Bu sıraya Freddi Varqas və Breno Almeydanı da əlavə edərdim. Çünki bu futbolçular da formalaşdırmaq istədiyimiz optimal heyət modelinin və oyun sisteminin ayrılmaz tərkib hissələridir. Həm Freddi, həm də Brenonun qış fasiləsindən sonra komandaya necə böyük fayda verdiyini hər birimiz gördük. Varqası 1 illik icarədən sonra tam hüquqlu olaraq heyətimizə qatdıq. Freddinin özü də başqa təklifləri olmasına rəğmən, “Neftçi”də israr etdi. Bu, futbolçunun özünü həm klubumuzda, həm ölkəmizdə rahat hiss etdiyinin, “Neftçi” azarkeşləri ilə arasında formalaşmış mənəvi bağların möhkəm olduğunun göstəricisidir. Almeyda isə xüsusi olaraq izlənilib dəvət edilən, gələcəyə hesablanmış transfer idi. Hər iki oyunçu yaxın gələcəkdə bizi böyük hədəflərə daşıya biləcək potensialdadır.
Transferlərlə bağlı bir əlavəm olacaq: biz bir neçə dəfə transfer siyahısında dəyişiklik etdik, daha öncə pioritet olan futbolçular müxtəlif səbəblərdən siyahımızdan çıxdı, amma heç bir halda “heç kim alınmırsa, bunu alaq, çünki gecikirik” və ya “bu mövqedə heç kim yoxdur, heç olmasa kimisə alaq” düşüncəsini yaxına belə buraxmırıq. Çünki indi bir neçə gün gecikə bilərik, amma yanlış transfer 2-3 illik maddi və vaxt itkisinə səbəb ola bilər.
– İmad Faraj Tunisin “Esperans” klubuna keçdi. Bu transferi necə qiymətləndirirsiniz?
– İmad Faraj nümunəsi bizim transfer modelimizin bariz göstəricisidir: ötən ilin yayında kifayət qədər güclü liqada bütün statistik göstəricilərə görə öz mövqeyində ən yaxşılardan olan futbolçunu müəyyən təzminat qarşılığında heyətimizə qatdıq. Bu yay isə həmin məbləğdən baha qiymətə başqa bir güclü liqanın klubuna satmağı bacardıq. Faraj həm meydanda komandaya ciddi xeyir verdi, həm də bu keçidlə kluba maliyyə qazandırdı. Bu transfer “Neftçi” tarixində rekord göstəricidir. Yeri gəlmişkən, İmada “ağ-qara” formada sonadək mübarizə apardığı üçün təşəkkür edir və yeni komandasında uğurlar arzulayıram.
Onu da qeyd edim ki, Farajla yanaşı, həm qışda, həm də yayda başqa bir neçə futbolçumuza – istər yerli, istərsə də legioner olsun – xarici klublardan ciddi maraq var idi. Bu da seçdiyimiz futbolçuların keyfiyyətindən xəbər verir.
Transfer siyasətində maliyyə intizamına xüsusi diqqət yetiririk və hər şeyi müəyyən olunmuş büdcə çərçivəsində reallaşdırmağa çalışırıq. Maliyyənin optimallaşdırılması vacib şərtdir. Müxtəlif mənbələrdə Varqas və Şkribek üçün yüksək məbləğlər ödədiyimiz barədə dəqiqləşdirilməmiş məlumatlar yayılır. Bəyan etmək istərdim ki, həmin rəqəmlər reallığı əks etdirmir. Hər iki futbolçunun transferi klub üçün çox sərfəli qiymətə başa gəlib. Ümumiyyətlə, doğru yatırım edib futbolçusundan həm meydanda fayda görən, həm də gəlir əldə edən kluba çevrilmək üçün əməli addımlar atırıq. Müasir futbolda hər bir klubun inkişafı üçün ən optimal strategiya məhz budur.
– Yeni mövsümdə klubun və komandanın qarşısında dayanan əsas hədəflər nədir?
– Komanda olaraq hədəfimiz birdir: mübarizə apardığımız bütün turnirlərdə qalib olmaq. Qarşıdan klubun 90 illik yubileyi gəlir və biz bu əlamətdar tarixi kuboklar və titullarla taclandırmağa çalışmalıyıq. Çox təcrübəli, müxtəlif ölkələrdə çempionluqlar yaşamış baş məşqçimiz var. Onun futbol baxışına və oyun fəlsəfəsinə tam güvənirik. Artıq özümüzə məxsus oyun üslubumuz formalaşıb: nə oynadığını, necə oynadığını bilən və buna uyğun fəaliyyət göstərən bir komandayıq.
Düşünürəm ki, hazırda nominal heyətimiz var, lakin güclənmək şərtdir. Xüsusilə hücum xəttinə yeni futbolçuların qoşulması gözlənilir. Hazırda azı iki hücum futbolçusu ilə danışıqlar davam edir. Məqsədimiz həm heyətdə rəqabəti artırmaq, həm də taktiki variantlarımızı zənginləşdirməkdir.
Əsas məqsəd yüksək nəticələr üçün oynamaq, komandanın keyfiyyətini və oyun səviyyəsini qaldırmaqdır. Bu layihə 1 illik və ya 1 mövsümlük deyil, uzunmüddətlidir. Gələcək böyük uğurların təməlini qoyuruq. Bu yolda çətinliklər də, bəzən məyusluqlar da ola bilər, lakin əminəm ki, birgə əməyimizlə “Neftçi”ni layiq olduğu yerə - zirvəyə qaytaracağıq.
Bu yay Avropada futbol bəxtsizliyi ilə üzləşdik. Lakin unutmayaq ki, futbol bir oyundur və onun iki üzü var. Əsas məsələ heç səhv etməmək deyil, buraxılan səhvlərdən vaxtında doğru nəticə çıxarmağı bacarmaqdır. Təcrübəli məşqçi heyətimiz və keyfiyyətli futbolçularımızla hədəflərimizə çatacağımıza inanıram. 90-cı ilimizdə var gücümüzlə çalışacaq, hər matçda qələbə üçün mübarizə aparacağıq.
Klub olaraq hədəfimiz isə müasir idarəçilik modelinin tətbiq olunduğu, Avropa səviyyəli bir “Neftçi” formalaşdırmaqdır. Bu mənada klubun Müşahidə Şurasının ortaya qoyduğu vizyona uyğun strategiya həyata keçirməyə, qarşımızdakı hədəfləri yerinə yetirməyə çalışırıq. Klubun gündəlik fəaliyyətindən Müşahidə Şurasının dəstəyini hər zaman hiss edirik. Stadiona gələn azarkeşlərin sayının artırılmasından forma satışına, kommunikasiyadan infrastruktura qədər hər sahədə Azərbaycanın lider klubu olmalıyıq. Son 2 ildə bu istiqamətdə ciddi məsafə qət etmişik, lakin arxayınlaşmaq olmaz. Təlim-məşq bazamızın ölkəmizdə tayı-bərabəri yoxdur, stadionumuzda yenidənqurma işləri davam edir, ot örtüyümüz əla vəziyyətdədir. Hətta avrokuboklarda çıxış edən digər klublarımızdan stadionumuzdan istifadə ilə bağlı müraciətlər almışıq və alırıq. Bu təkliflərə həmişə açığıq, çünki biz Xalqın komandasıyıq və bu adı qürurla daşımaq bizim borcumuzdur.
– Azarkeşlərə sözünüz varmı?
– Şübhəsiz ki, uğura gedən yolda azarkeşlərimizin dəstəyinə hər zamankından daha çox ehtiyacımız var. Onları məyus etmək bizim üçün ən böyük üzüntüdür. Sevindirmək isə əksinə, bizi qürurlandırır və əlavə güc verir. Azarkeşlərin coşğusu və dəstəyi hər zaman “Neftçi”ni irəli aparıb. Sədaqəti, rənglərinə bağlılığı və futbol mədəniyyəti ilə hər kəsə nümunə olan “Neftçi” azarkeşlərini yeni mövsümdə də tribunaları doldurmağa çağırırıq. Komandanı dəstəkləyin, öz təzyiqinizi hiss etdirin və bu təzyiqlə “Neftçi”mizi daha böyük uğurlara daşıyın! Biz bu təzyiqdən çəkinmirik, əksinə, daha böyük məsuliyyət hiss edərək hədəflərimizə doğru əzmlə irəliləyirik.
Həmçinin, yeni mövsümün başlaması münasibətilə ölkəmizin futbol ictimaiyyətini təbrik edirəm! Azərbaycan futbolunun flaqmanı olan “Neftçi” şanlı tarixi ilə hər zaman ədalətli oyun prinsipini müdafiə edib və bundan sonra da belə olacaq. Yeni mövsümdən gözləntilər böyükdür. Bizi maraqlı və gərgin çempionat gözləyir. Azərbaycan futbolunun inkişafı yolunda durmadan çalışan AFFA-ya, çempionatın təşkilində gözəl işlər görən PFL-ə də uğurlu mövsüm arzulayıram! İnanıram ki, azarkeşlərin könlünü xoş edəcək bir mövsüm olar.