Topaz Premyer Liqasında növbəti baş məşqçi istefası reallaşıb. "Rəvan"ı çalışdıran Şahin Diniyev postundan ayrılıb. Bakı klubu onu türk mütəxəssis Güvenç Kurtarla əvəzləyəcək.
Fanat.az xəbər verir ki, bu cari mövsümdə Topaz Premyer Liqasında 5-ci baş məşqçi dəyişikliyi olub. bundan əvvəl "Rəvan"da 2, "Neftçi" və "Xəzər Lənkəran"da 1 baş məşqçi istefa vermişdi.
Mövsümsün ilk dəyişikliyi elə "Rəvan"da baş vermişdi. Ən çox baş məşqçi dəyişən klub olan "sarı-qırmızılılar" Ramil Əliyevi ikinci turda Vladislav Qədirovla əvəzləmişdi. 9-cu turda isə onun yerinə Şahin Diniyev keçmişdi.
"Neftçi" 10-cu turda Tərlan Əhmədovu Nazim Süleymanovla əvəzləyib. "Xəzər Lənkəran" isə 14-cü turda istefa verən Con Toşakdan sonra Mustafa Dənizlini baş məşqçi postuna gətirib.
Şahin Diniyev çempionatda qələbəyə həsrət qalıb. Belə ki, "Rəvan" onun rəhbərliyi altında 9 oyuna çıxıb, 3 heç-heçə edib və 6 dəfə məğlub olub. Bu qarşılaşmalarda 5 qol vuran bakılılar 13 dəfə məyus olub.
Mütəxəssis "Rəvan"dakı yeganə qələbəsini kubokda qazanıb. Belə ki, 1/8 finalda "Qaradağ"ı sınağa çəkən paytaxt klubu 5:2 hesablı qələbəyə sevinmişdi.
Fanat.az