Soachworldranking.com saytı klub məşqçilərinin reytinq cədvəlini açıqlayıb. Fanat.az xəbər verir ki, siyahıda 1329 mütəxəssis yer alıb.
Siyahı hazırlanarkən 2013-cü ilin 52 həftəsi ərzində klubların keçirdiyi rəsmi matçların nəticələrinə əsasən hesablanıb. Reytinq cədvəlində 2 azərbaycanlı mütəxəssis də yer alıb. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov 715 xalla 704-cü pillədə qərarlaşıb. "Neftçi"nin sabiq baş məşqçisi, yenidən komandaya rəhbərlik edəcəyi deyilən Böyükağa Hacıyev isə 38 xalla 1281-ci yeri tutub.
Reytinq cədvəlinə "İnter"in baş məşqçisi Kaxaber Tsxadadze də düşüb. Gürcü mütəxəssis 2012-ci illə müqayisədə iki pillə geriləyib və 926-cı olub. Onun aktivində 339 xal var. "Xəzər Lənkəran"dan istefa vermiş Con Toşak 100 xalla 1193-cü yerdə qərarlaşıb.
Qeyd edək ki, reytinq cədvəlinə "Çelsi"nin baş məşqçisi Joze Mourinyo başçılıq edir - 15174 xal. İkinci pilləni tutan "Atletiko"nun argentinalı çalışdırıcısı Dieqo Simeonenin atkivində 13384 xal var. İlk üçlüyü "Barselona"ya rəhbərlik edən Cerardo Martino qapayır - 11993 xal.
Fanat.az