"Liverpul"un baş məşqçisi Yürgen Klopp Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyununda evdə "Atalanta"dan aldıqları ağır məğlubiyyəti (0:3) şərh edib.
Fanat.Az xəbər verir ki, alman mütəxəssisin dediklərini BBC belə çatdırıb:
"Oyunun videoyazısına bazar ertəsi baxacam. Ancaq indi deyə bilərəm ki, daha yaxşı olmaq üçün təkmilləşdirməli olduğumuz bir neçə şey var. Biz qalib gələ bilərikmi? Bəli, yaxşı oynasaq, hər şey mümkündür. 3:0 hesabı ilə qalib gəlib yarımfinala yüksələ bilərikmi? Deyə bilmərəm. Amma indi özümüzü pis hiss edirik və bu, vacibdir. Belə məqamlarda həmişə elə görünür ki, rəqib artıq işini görüb, amma cavab matçı baş tutana qədər heç nə həll olunmur.
Bizim üçün dəhşətli oyun oldu. Əlbəttə, uşaqlar daha yaxşı oynaya bilərlər. Ancaq bu gün bunu etmədilər və reallıq belədir ki, biz bazar günü reaksiya göstərməliyik. Mən tam əminəm ki, bunu edəcəklər".
Qeyd edək ki, tərəflərin cavab qarşılaşması aprelin 18-də Berqamoda keçiriləcək. Oyun Bakı vaxtı ilə 23:00-da başlayacaq.
Nihat