Şotlandiyanın "Reyncers" komandasının baş məşqçisi Stiven Cerrard Çexiya "Sparta"sı ilə səfər oyununda yerli azarkeşlərin xoşagəlməz davranışından danışıb.
Fanat.Az xəbər verir ki, ingilis çalışdırıcı Avropa Liqasının ikinci turu çərçivəsində Praqada keçirilən və qonaqların 0:1 hesablı məğlubiyyəti ilə başa çatan matçı izləyənlərdən UEFA-ya şikayət edəcəklərini açıqlayıb.
"Dünənki matçın görüntülərinə səsli baxdım və nələrin baş verdiyini tam şəkildə anladım. Qəribədir ki, oyun zamanı fit səslərini eşitməmişdim. İndi növbə rəhbərliyin və belə məsələlərə cavabdehlik daşıyan qurumlarındır. Qarşıdakı oyunlara daha yaxşı hazırlaşa bilməyimiz üçün baş verənlər araşdırılmalıdır. Təəssüf ki, irqçiliklə hələ də tez-tez üzləşirik. Belə çıxır ki, mövcud sanksiyalar kifayət etmir. Klubda mənə dedilər ki, "Reyncers" UEFA-ya şikayət edəcək. Artıq lazımi proseslər başladılıb. Ədalətin yerini tapdığını, günahkarların cəzasız qalmadığını görmək istəyirəm. Buna nail olacam".
Xatırladaq ki, "Sparta" - "Reyncers" qarşılaşmasının 14 yaşadək uşaqlar canlı izləyib. Oyun zamanı fanatlar "Reyncers"in qaradərili oyunçularının topa hər toxunuşunu fitə basıb.
Nihat