
"Lokomotiv"in və Rusiya millisinin keçmiş baş məşqçisi Yuri Semin Murad Musayevi Rusiya futbolunun əsas fiquru adlandırıb.
Fanat.Az xəbər verir ki, o, "Rossiyskaya qazeta"ya müsahibəsində Musayevi futbol adamı saymayan Aleksandr Mostovoyun dediklərini belə cavablandırıb:
"Aleksandr Mostovoy deyib ki, Musayev futbol adamı deyil. Saşa çox şeyə bu cür yanaşır. Doğrudur, Musayev Mostovoy ilə eyni səviyyədə futbol oynamayıb. Aleksandr ulduzdur. Ona qalsa, mən də onunla müqayisədə yaxşı futbol oynamamışam. Musayev hər il inkişaf edir, öyrənir, hər şeyi mənimsəyir və çox çalışır. O, Krasnodar sistemindən keçib - böyüklər komandasına məşqçilik etməzdən əvvəl yeniyetmələr və gənclər komandalarına rəhbərlik edib. Bu, zəngin təcrübədir. Beləliklə, indi Musayev Rusiya futbolunun əsas fiqurudur".
Vaxtilə "Sabah"ı çalışdıran Murad Musayev 2024-cü ilin mart ayından "Krasnodar"ın baş məşqçisidir. O, əvvəllər - 2018-ci ildən 2021-ci ilə qədər də sözügedən klubda işləyib. "Öküzlər" onun rəhbərliyi altında 2024/25 mövsümündə ilk dəfə Rusiya çempionu olub.