
"Sabah" bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Finlandiya çempionu "KuPS" ilə qarşılaşacaq. Azərbaycan millisinin və "bayquşlar"ın sabiq çalışdırıcısı Arif Əsədovla əlaqə saxlayıb matç barədə fikirlərini öyrəndik.
Fanat.Az təcrübəli mütəxəssisin dediklərini təqdim edir:
"İlk öncə onu qeyd edim ki, başda "Sabah" olmaqla, bütün klublarımıza uğurlar arzulayıram. İlk mərhələni təmsilçilərimiz çox uğurlu şəkildə keçməyi bacardılar. Arzulayaq ki, 2-ci mərhələdə də heç bir problem yaşanmasın və komandalarımız növbəti mərhələyə keçsinlər.
"Sabah" və rəqibini müqayisə etsək, təmsilçimiz daha üstün görünür. Təbii ki, bunların hamısı statistik olaraq belədir, ancaq meydanda tələb olunan amillər tamam başqadır. Əvvəla, "Sabah" evdə oynayır. Öz oyununa, öyrəşdiyimiz tərzinə sadiq qalıb meydanda diktə etməlidir və çalışıb yaxşı hesabla səfərə üz tutmalıdır. Mümkündür ki, ilk dəqiqələr bir az daha çətin olsun. Düzdür, nə qədər analiz edilsə belə, bəzən fərqli gedişat yaşanır. İlk dəqiqələr kəşfiyyat xarakteri də daşıya bilər. Amma "Sabah" alışdığımız tərzdə oyun göstərə bilsə, məncə, rahat qələbə qazanıb istədiyi nəticəni əldə edə bilər.
Necə oynamalı olduğunu təbii ki, məşqçilər korpusu daha yaxşı bilər. Amma evdə oynayırıq, ilk dəqiqələrdən rəqibə təzyiq etməliyik. Düşünürəm ki, azarkeşlər də yenə tribunaları dolduracaqlar. İki tərəfdən təzyiq olsa, yəni həm tribunaların, həm də meydandakı basqı bir-birini tamamlasa, həmçinin, erkən qol vursaq, işlər yaxşı gedəcək. Hesab təxminimə gəlincə, düşünürəm ki, komandamız iki top fərqi ilə qələbə qazanacaq".
Qeyd edək ki, görüş saat 20:00-da start götürəcək.
Əlisahib İbrahimli