
UEFA Avropa Liqasının II təsnifat mərhələsində ÇSKA-ya məğlub olan "Qarabağ" UEFA Konfrans Liqasında yoluna davam edəcək. "Köhlənlər"in 3-cü təsnifat mərhələsindəki rəqibi isə "Dinamo Kiyev"dir. Ağdam təmsilçisi ilk sınağını rəqib meydanında (nominal) keçirəcək.
Azərbaycan millisinin sabiq çalışdırıcısı Arif Əsədovla əlaqə saxlayıb səfər oyunu barədə fikirlərini öyrəndik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Dinamo Kiyev" təcrübəli komandadır. Sovetlər dönəmindən daim yalnız uğur qazanmaq üçün mübarizə aparıb. Qitə turnirlərində kubok qazanıb. Müstəqillik dönəmində də hər zaman qruplarda olub, yüksək səviyyədə oynayan bir kollektivdir. O baxımdan, "Qarabağ"ı çətin oyun gözləyir. Ancaq hazırda Ukrayna təmsilçisində bir qədər eniş yaşanır. Komanda yerli gənc futbolçulara üstünlük verilir. Bu vəziyyətdə isə "köhlənlər"in şansı çoxdur. Düzdür, Ağdam təmsilçisində də dəyişikliklər var və adaptasiya dönəmindən keçirlər. Məhz buna görə "ÇSKA Sofiya" ilə oyunda məğlub oldular. Lakin düşünürəm ki, Ağdam klubu iki oyunun nəticəsinə görə Kiyev təmsilçisinə qalib gələ bilər. Əsas vacib olan cəhət "Qarabağ"ın öyrəşdiyimiz oyun cizgiləri tez bir zamanda formalaşsın və iki oyunun nəticəsində qalib gələrək növbəti mərhələyə adlasın".
Qeyd edək ki, ilk görüş avqustun 6-da səfərdə baş tutacaq və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Cavab matçı isə avqustun 13-də baş tutacaq.
Əlisahib İbrahimli