
Argentina millisinin və “Boka Xuniors” klubunun sabiq hücumçusu Karlos Teves Lionel Messi ilə Kriştianu Ronaldunun onun vida qarşılaşmasında eyni komandada forma geyinə biləcəyini bildirib.
Fanat.Az xəbər verir ki, informasiyanı “Footmercato” yayıb.
Məumata görə, dekabr ayında baş tutması nəzərdə tutulan vida oyunu Buenos-Ayresdə yerləşən “La Bombonera” stadionunda keçiriləcək.
Teves uzun müddətdir arzuladığı Messi və Ronaldunu bir komandada görmək istəyini reallaşdırmaq üçün hər iki ulduz futbolçu ilə danışdığını qeyd edib.
“Uzun illərdir Kriştianu ilə Leonu eyni komandada görmək istəyirəm. Onlar futbol tarixinin ən böyük iki oyunçusudur. İlk olaraq Ronaldu ilə danışdım və ona bildirdim ki, vida matçımda sənin və Messinin eyni komandada oynamasını arzulayıram. İstəyirəm ki, bütün dünya bu möhtəşəm mənzərənin bir daha şahidi olsun. O, oyunda iştirak edəcəyini söylədi. Leonu razı salmaq da elə çətin olmadı. Hər ikisi təklifimi qəbul etdi. Bu qarşılaşmanı böyük səbirsizliklə gözləyirəm. İnanıram ki, matç çox duyğusal anlarla yadda qalacaq”, - deyə Teves bildirib.
Xatırladaq ki, Karlos Teves Kriştianu Ronaldu ilə “Mançester Yunayted”də, Lionel Messi ilə isə Argentina milli komandasında eyni formanı geyinib.
Əlisahib İbrahimli