
Azərbaycanın sərbəst güləşçiləri Rusiyanın Vladiqafqaz şəhərində "Xadartsev qardaşlarının kuboku" yarışında uğurlu çıxışla yadda qalıblar.
Fanat.Az Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, sərbəst güləşin əfsanələri Aslan və Maxarbek Xadartsev qardaşlarının xatirəsinə həsr olunan turnirə 10-a yaxın ölkədən 100-dən çox idmançı qatılıb.
Yığmanın baş məşqçisi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov və məşqçilər Taymuraz Kokoyevlə Şərif Şərifovun rəhbərliyi altında ənənəvi turnirə iştirak edən yığmamızın 8 üzvü fəxri kürsüyə qalxıb.
Zirəddin Bayramov (70 kq), Arseniy Djioyev (86 kq) və Giorgi Meşvildişvili (125 kq) birinci yeri tutub. Osman Nurmaqomedovla (92 kq) Xetaq Karsanov (125 kq) ikinci, Cəbrayıl Hacıyev (79 kq), Maqomedxan Maqomedov (97 kq) və Muxamad Qantemirov (125 kq) isə üçüncü yerlə kifayətlənib.
Beləliklə, millimiz memorialı 3 qızıl, 2 gümüş və 3 bürünc medalla başa vurub.